“Aparılan maarifləndirmə işləri Aşura ilə bağlı xoşagəlməz halların sayını azaldıb” MÜSAHİBƏ

“Aparılan maarifləndirmə işləri Aşura ilə bağlı xoşagəlməz halların sayını azaldıb” MÜSAHİBƏ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundovun SİA-ya müsahibəsi

- Artıq bu gündən etibarən Məhərrəmlik ayı başlayır. Ümumiyyətlə, bu ayın fəzilətləri nədən ibarətdir?

- Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Məhərrəmlik ayında insanlar xeyirxah əməllər etməli, pis və günah sayılan hərəkətlərə yol verməməlidirlər.

Məhərrəmlik ayında dünya müsəlmanlarının tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin həyat və şəhadətinin yad edilməsi Azərbaycan dindarları tərəfindən tarixi ənənə kimi bu gün də yaşadılmaqdadır.

Ölkəmizdə keçirilən imam Hüseyn əzadarlığında bədbinlik əhval-ruhiyyəsi deyil, Vətən sevgisi, işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin açıqlanması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, 20 yanvar, Qarabağ, və Xocalı şəhidlərinin yad edilməsi tövsiyə edilir.

Aşura mərasimlərində əzadarlar dinimizin etdiyi tövsiyyələrə mütləq şəkildə riayət etməlidirlər. Belə ki, əzadarlıq mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, sinə açmaq, saç yolmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməməlidir.

- Azərbaycanda bu ayla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərilən tövsiyələrə əməl olunurmu?

- Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin fətvasına və təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi dini mərkəzində - Qafqaz Müsəlmanlar İdarəsində birləşdiyi üçün məzhəbindən asılı olmayaraq, hər kəs bu təqvimlərə əməl etməlidir.

Aparılan müşahidələr respublikanın əksər məscidlərində QMİ-nin məhərrəmlik ayı ilə bağlı göstəriş və tövsiyələrinə əməl olunduğunu göstərib. Bu il də belə olacağına inanırıq.

- Neqativ hallara qarşı hansı tədbirlər görülür?

- Keçən illərdə aparılmış monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib. Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilib, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinib. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir.

Təqdirəlayiq haldır ki, aparılan maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz halların sayı azalmaqdadır, çox nadir hallarda bu hərəkətlərə rast gəlinir. Heç şübhəsiz, qeyd edilən belə neqativ hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək.

- Hər il ölkəmizdə Aşura günü qanvermə aksiyası keçirilir. Bu il bu aksiyanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulurmu?

- Hər il respublikada Məhərrəmlik ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ənənəvi qanvermə aksiyası təşkil edilir. Təqdirəlayiq və sevindirici haldır ki, artıq ölkəmizdə Aşura mərasimləri zamanı ənənəvi qançıxarma mərasimi qanvermə aksiyaları ilə əvəz olunub. Aparılan müşahidələr təsdiqləyir ki, ildən-ilə ictimaiyyət arasında bu xeyirah aksiyaya maraq artmaqdadır. Hər il respublikanın bütün bölgələrində qanvermə aksiyalarına minlərlə insan qatılır.

Bu il də talassemiya və hemofiliya xəstələri üçün keçiriləcək qanvermə aksiyasının bütün respublikanı əhatə edəcəyinə inanaraq, hər kəsi bu işdə fəal iştirak etməyə çağırırıq. Qan çıxarmağı zəruri hesab edən bəzi dindarlara isə tövsiyə edirik ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə könüllü olaraq qan vermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar.

- Ümumiyyətlə, Aşura günündə hansı əməllərə riayət etmək Allah tərəfindən bəyənilir?

- Aşura günü Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin şəhadət günü olması ilə əlamətdardır. Bu gündə şəhidlik məqamının yüksəkliyindən danışmaq, İmam Hüseynə əza saxlayan insanların içərisində vətənpərvərlik duyğularını daha da yüksəldən çıxışlar etmək əhəmiyyətli məsələlərdəndir. Həmçinin Məhərrəm ayı ərzində İslam birliyinə diqqət artırılmalı, vəhdətə səsləyən təbliğatlara geniş yer ayrılmalıdır. Şübhəsiz ki, müsəlmanlar arasında birlik, həmrəylik Allah qatında bəyəniləcək əməllərdəndir.

Qeyd edək ki, bu gün Məhərrəm ayının ilk günüdür. Bu ayın 10-cü günü — Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə