“Məqsəd iaşə obyektlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır" VİDEO

“Məqsəd iaşə obyektlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır" VİDEO

İradə İbrahimova: "Əgər belə olsaydı, heç bir xəbərdarlıq olunmadan obyekt sahibləri ilk gündən qanunamüvafiq qaydada cərimə olunardılar”

"Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır ki, bu da havanın lokal xarakterli çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, insanlarda diskomfort yaradır və əhalinin haqlı narazılığına səbəb olur". Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, ETSN-nin 24 saat fəaliyyət göstərən 168 nömrəli Qaynar xəttinə vətəndaşlardan çoxlu şikayətlər daxil olub: "Bununla bağlı Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərində Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb. Nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, əksər restoranlarda atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol veriliən qatılıq həddindən dəfələrlə artıqdır".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai iaşə obyektləri və şadlıq evlərinə, havaya atdıqları tüstü axınına və qoxuya görə xəbərdarlıq məktubları göndərilmiş, onlarla görüşlər keçirilmiş və müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi: "İctimai-iaşə obyektlərinin sahiblərinə tərəfimizdən humanistlik göstərilərək təmizləyici qurğuların quraşdırılması üçün yenidən əlavə 15 gün vaxt verilmişdi. Sentyabrın 1-i həmin vaxt başa çatıb. Görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara məhəl qoymayan, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə artıq sərt tədbirlərin görülməsinə başlanılıb".

İ.İbrahimova qeyd edib ki, görülən inzibati tədbirlərdən sonra eyni vəziyyət davam edərsə, nazirlik tərəfindən həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq:
"Məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Əgər belə olsaydı, heç bir xəbərdarlıq olunmadan obyekt sahibləri ilk gündən qanunamüvafiq qaydada cərimə olunardılar".

Bütün xəbərlər Facebook səhifəmizdə