Aşura günü zəncir vurmaq olarmı? - AÇIQLAMA

"Bu gün məhərrəmlik ayının biridir. Hicri Qəməri tarixini ilə götürsək bu gün 1432-ci il başlayır". Bu barədə Təzə Pir məscidinin axundu Hacı Faiz Nağızadə Məhərrəmlik ayı ilə əlaqədar SİA-ya açıqlamasında deyib. Məhərrəmlik ayının böyük faciə ilə bağlı olduğunu deyən axund bildirib ki, məhərrəm sözünün mənası "haram olunmuş" deməkdir.
Müqəddəs ayın tarixinə toxunan axundun sözlərinə görə, İslam dinindən əvvəl ərəb qəbilələri arasında davalar, onilliklərlə davam edən müharibələr məhz bu ayın başlanması zamanı dayandırılardı. Axund bildirib ki, buna səbəb bu ayda müharibə etməyin haram olmasıdır: "Çox təəssüf ki, özünü müsəlman adlandıran insanlar Peyğəmbərin ailəsindən olanlara faciə yaşadıblar. Kərbəla çölündə kişiləri qılıncdan keçirib, körpə uşaqlara rəhm etməyiblər. Qadınları isə əsir edib, ölkə-ölkə dolandıraraq incidiblər".
Axund bildirib ki, İslam aləmində müsəlmanlara haram olanlara bu ayda xüsusi diqqət yetirilməlidir: "Ən əsası da müharibə etmək olmaz. Hətta iki ölkə arasında müharibə olsa belə, bu ayın ehtiramına görə o dayandırılmalıdır. O ki qaldı İmam Hüseynin matəminə, Azərbaycan xalqı, eyni zamanda dünya müsəlmanları, əhli-beyt tərəfdarları bu ayda bütün şənliklərdən, toylardan özlərini saxlayırlar. Bu artıq uzun illərin təcrübəsidir".
Aşuranın Məhərrəm ayının 10-cu günündə qeyd edildiyini deyən axund bildirib ki, həmin gün dekabrın 16-na təsadüf edir.
Aşura günündə zəncir vurmağın, qan tökməyin düzgün olub-olmaması ilə bağlı sualı cavablandıran axund bunun qəbul olunduğunu söyləyib: "Ümumi götürəndə İslamda bədənə xəsarət yetirmək qəbuledilməzdir. Lakin dünyada insana zərər olan o qədər şeylər var ki, onları gözümüzlə görür və qəbul edirik. Məsələn, yüzlərlə döyüş növləri var ki, həmin döyüş zamanı gün ərzində yüzlərlə insan yaralanır, xəsarət alır. İnsanlar da buna tamaşa edir. O zaman heç kim onları istehza edib təhqir etmir, hətta haqq qazandırırlar. Bunu nəzərə alaraq deyə bilərəm ki, İmam Hüseynə görə zəncir vurmağı qınamaq düzgün deyil. Hətta qan çıxarmaq insan üçün xeyirlidir. Bunu bütün müsəlman aləmində qəbul edirlər, xəsarət alan da olmur. Aşura günündə müqəddəs yerlərə getmək vacibdir. Həmin gün matəmdir. Əgər İmam Hüseyn şəhid olmasaydı İslamdan əsər-əlamət də qalmazdı. Onun üçün matəm saxlamaq bir müsəlman kimi hamımızın borcudur".

Bütün xəbərlər Facebook səhifəmizdə