İlham Əliyev: "Bu gün ordumuz güclü ordular sırasındadır"
Bu, real həqiqətdir ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.
Azərbaycan Milli Ordusunun bir əsrlik yaranma tarixini vərqlədikcə şərəfli zaman yaşamış ordumuzun keçdiyi yol göz önündə çanlanır. 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan ilk Milli Ordusunu yaratdı və ilk milli ordu hissələrini formalaşdırmağa başladı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da, çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilir, nizami orduya ehtiyac var idi. Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi olaraq, 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış və fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Məhz Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu gün müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab
verir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq, Milli Ordunu regionun ən güclü ordusu səviyyəsinə yüksəldib.
Aprel döyüşləri Azərbaycan Ordusunu gücünü göstərmiş oldu
Bu gün torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu qurculuğu və ordunun daha da möhkəmlənməsi zəruridir. Bəli, belə bir şəraitdə ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür və peşəkarlıq artır. Azərbaycan Prezidentinin hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların təltif edilməsi, hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi barədə imzaladığı sərəncamlar silahlı qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Hərbçilərin sosial məsələlərinin və məişət problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır.
Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır. Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərmiş oldu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madaqiz kəndləri istiqamətində yollar düşməndən azad olundu. Bu yaxınlarda isə 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru oldu. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində (ermənilər adını dəyişdirərək "Areni" qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürüldü. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi.
Təsadüfi deyil ki, 2017-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan Silahlı Qüvvələri "Dünyanın ən güclü ordusu" reytinqində 58-ci yerdə qərarlaşıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz daha da inkişaf edir və təkmilləşir. Belə bir gücə malik ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq gücündədir.
Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir
Bu gün Cocuq Mərcanlı qəsəbəsi öz yeni dövrünü yaşayır. Qəsəbədə hazırda 150 ev, məktəb, uşaq bağçası və məscid tikilib. "Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik", - deyən Azərbaycan Prezidenti Cocuq Mərcanlı qəsəbəsinin bərpasının Azərbaycan xalqının əyilməz ruhunun göstəricisi olduğunu bildirib: "Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı, bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək".
Cənab Prezidentin qeyd etdiyi kimi, indi orada həyat canlanır, həm yaşamaq üçün, həm də işləmək üçün bütün infrastruktur yaradılıb: "Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra, tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib... Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması, bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində, işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar və ölkəmizin inkişafını təmin edəcəklər."
Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz var, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyi dəstəklənir və ən əsası da, insanlarda düşmənə qarşı mübarizəyə hazır olan yekdil əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərinə zəfər yürüşünə çıxacağı və üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb.
Bəli, Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə, Azərbaycan Ordusu öz sözünü deyəcək. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB