Müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi islahatlar, dövlət proqramları, layihələr 27 illik məsafədə Azərbaycanın imicini dəyişib, onu sürətlə inkişaf edən ölkəyə çevirib. Bu mənzərənin fonunun dəyişməsində Ümummilli Lider Heydər Əliyevin amalının davamçısına çevrilən Heydər Əliyev Fondunun da payı müstəsnadır. Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən Heydər Əliyev Fondu xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Fond tərəfindən reallaşan layihələr beynəlxalq aləmdə ciddi marağa səbəb olub. Belə ki, bəşəriyyətin xilasına yönələn milli-mənəvi ideallar, ictimai şüura hakim kəsilən layihələr zəngin mənəvi və intellektual potensialdan qaynaqlanır və birmənalı olaraq cəmiyyət tərəfindən qəbul edilir. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından eşidilir. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumların Heydər Əliyev Fondunun layihələrinə verdiyi qiymət dediklərimizi əsaslandıran əsas amildir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsinə və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına və s. yönəlmiş genişmiqyaslı proqram və layihələri, qısa bir zaman məsafəsində böyük uğurlara səbəb olub. "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Tolerantlığın ünvanı - Azərbaycan" və digər layihələri müxtəlif sahələri əhatə etmiş oldu. Azərbaycanın Birinci Xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliiyyətində özünü göstərir.
Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin inkişafı və təbliği ilə bağlıdır. Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda milli musiqimizin, muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində gerçəkləşən irimiqyaslı layihələr öz nəticəsini verir. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması, Muğam Mərkəzinin inşa edilməsi, "Muğam aləmi" festivalının təşkil, "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşri və s. Azərbaycan muğam sənətinin inkişafına təkan olmaqla yanaşı, Azərbaycan və muğam sənəti ilə bağlı geniş təsəvvürün yaranmasına də səbəbdir. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. Bütün bunlar Azərbaycan mədəniyyətinin beşiyi kimi dünyaya tanıdılmasında əsas vasitədir.
Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə və festivallar da Azərbaycan milli mədəniyyəti ilə sərhədsiz dünya yaradır. Qəbələ Beynəlxalq Musiqi Festivalı və s. dünya musiqiçilərini bir araya gətirərək, Azərbaycan diyarı və onun musiqisi haqqında çox məqamları qonaqlara təqdim edir. Bütün bu görülən işlərin davamı olaraq, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə daha bir layihə gerçəkləşəcək. Belə ki, ölkəmizdə ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan Festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşır. Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm" şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.
Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.
Maraqlı proqram əsasında keçiriləcək festivala çərçivəsində İran, Rusiya, Livan, Almaniya, Vyetnam, Fransa, Türkiyə musiqiçiləri də iştirak edəcək. Bununla yanaşı, almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin "Nəsiminin müasir kontekstlərdə dərk edilməsi" mövzusunda mühazirəsi keçiriləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Canlı həyat" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Tədbirin rəsmi açılış mərasimi sentyabrın 28-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Festivalda Azərbaycan mədəniyyət və incəsənətinin demək olar ki, bütün sahələrini əhatə edən nümunələrin təqdimi yer alacaq. Azərbaycan musiqisi, rəssamlığı, ifaçılıq sənəti, rəqsi, ilə yanaşı dünya sənətindən nümunələrin təqdimi də bu festivala böyük ruh, nəfəs qatacaqdır. Nəsimi kimi fəlsəfi düşüncəyə malik bir yaradıcı insanın sənət düyasına belə bir münasibətin olması əlbəətə ki, Heydər Əliyev Fondunun sənətə, sözə, sənətkara olan münasibətinin daha bir təzahürü olaraq meydana çıxır. Kamil, bitkin sənət nümunələrinin müəllifi olan haqq aşiqi Nəsimi dünyasının fəlsəfi gerçəkliyinə siyarət edəcək festival həm dünyaya Azərbaycanın böyük ənənələrə malik sənətini, şəxsiyyətinlərini, poeziyasının gücünü göstərəcək, həm də paytaxtımız, eləcə də Azərbaycanın qədim tarixə malik Şamaxı şəhərinin mədəniyyət beşiyi olmasını, burada tarixi abidələrlə zəngin olan diyar ətrafında böyük təsvvürü yaradacaq. Paytaxtımızın - İçərişəhərin valehedici cazibəsi ilə bir daha yaxından tanış edəcək. Belə ki, İçərişəhərdə nümayiş olunacaq sərgilər, instalyasiyalar, videoproyeksiyalar, Nəsiminin misralarına yazılmış nəzirələr maraqlı bir şəkildə təqdim olunmaqla hər kəsi heyrətə gətirəcək. İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə təqdim olunacaq Nəsimi dünyasına yaxınlıq imkanı əldə edəcək xarici qonaqlar Azərbaycan, bu diyarın yetirdiyi Nəsimi kimi böyük sənətkarın söz karvana bir neçə gün ərizində daha da yaxın olacaqlar.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB