Azərbaycanı türkdilli dövlətlərlə qardaşlıq münasibətləri birləşdirib TƏHLİL
İlham Əliyev: "Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük"
Azərbaycan ilə dünya ölkələri arasında qarşılıqlı münasibətlər ölkələr arasında əməkdaşlıq, dostluq əlaqələrinin inkişafında olduqca mühüm mərhələdir. Qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlər çərçivəsində keçirilən görüşlər, beynəlxalq konfranslar, simpoziumlar və s. xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa dövlətləri ilə yanaşı, türkdilli dövlətlərlə də münasibətləri qarşılıqlı şəkildə davam etməkdədir. 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilatın yaradılmasında 4 təsisçi ölkələrdən biri olan Azərbaycan yarandığı ilk tarixdən etibarən bu təşkilatla sıx əməkdaşlıq edir. Yüksək səviyyəli görüş və dialoqlar nəticəsində Qazaxıstan, Qırğızıstan, Türkiyə və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq daha da möhkəmlənir. Regional məsələlərdə, investisiya, nəqliyyat, təhsil və digər sahələrdəki qarşılıqlı münasibətlər inkişaf edir. Regional əməkdaşlığa töhfə verən layihələr diqqətdən yayınmır.
"…AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA EDİLƏCƏK VƏ BÖLGƏDƏ SÜLH VƏ ƏMƏKDAŞLIQ YARANACAQDIR"
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirir. Belə ki, üzv ölkələrin yüksək vəzifəli şəxslərinin görüşlərində Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilmişdir. Bu günlərdə Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü də dövlətlər arasında müxtəlif sahələrdə salınan körpünün möhkəmlənməsində müstəsna rola malikdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük", - deyərək regional təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib. İndiki dünyada yeni risklər, təhdidlərin yarandığını, yeni münaqişə, müharibə ocaqları alovlandığını diqqətə çatdırıb. Dünya ölkələrində keçirilən görüşlər və müxtəlif səpkili tədbirlərdə hər zaman Ermənistanın işğalıq siyasətindən geniş şəkildə danışan dövlət başçısı Samittdə də beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistanın işğalı altında olduğunu iştirakçıların diqqətinə çatdırıb: "Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir". Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətində dolğun şəkildə çatdırılmasının nəticəsi olaraq bu gün dünyanın 10-dan çox ölkəsində Xocalı soyqırımı rəsmən tanınır.
Günahsız insanların qətlə yetirilməsi anoloqu olmayan vəhşilik kimi qəbul edilir. Hər zaman olduğu kimi Cənab Prezident bu dəfəki çıxışında da bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməli olacaqlarını bildirib: "Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır".
"SON YAY OLİMPİYA OYUNLARINDA MEDALLARIN SAYINA GÖRƏ, AZƏRBAYCAN 14-CÜ YERDƏ QƏRARLAŞMIŞDIR VƏ BU, BİZİM ÖLKƏMİZ ÜÇÜN TARİXİ NAİLİYYƏTDİR"
Bu gün Azərbaycan torpaqlarının iyirmi faizi işğal altında olsa da, ölkəmiz bütün sahələrdə inkişaf dövrünün yaşayır. İqtisadi göstəricilər, beynəlxalq aləmdə qazanılan imic, sabitlik adasına çevrilən Azərbaycan multkultural, tolerant mühit olaraq da tanınır. Bütün bunlarla yanaşı, Azərbaycanda idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət, idman sahəsində qazandığımız nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Qeyd edək ki, bu il keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün mövzusu da idmanla bağlı idi. Təbii ki, bu sahədə Azərbaycanın beynəlxalq məkanda uğurlarını sadalamağa kifayət qədəri əsasları var. Bu gün ölkəmizdə mövcud olan idman hərəkatı beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının həvəslə ən mötəbər yarışlarını ölkəmizə həvalə etməsinə dəlalət edir. Bakıda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Buna son 15 ildə Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsi imkan verib. Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Samittdə Cənab Prezident Azərbaycanda idmana çox böyük diqqət göstərildiyini qeyd edərək ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirildiyini vurğulayıb.
"Onların arasında xüsusilə I Avropa Oyunlarını qeyd etmək istərdim", - deyən Cənab Prezident digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunlarının heç vaxt keçirilmədiyini diqqətə çatdırıb. Əlbəttə ki, ilk Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. "Ondan iki il sonra, yəni ötən il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir" – deyən Cənab İlham Əliyev bu Oyunlarda Azərbaycan idmançılarının birinci yerə layiq görüldüyünü bildirib: "İki il ərzində bir şəhərdə həm Avropa, həm İslam Oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. Azərbaycan idmançıları Olimpiya Oyunlarında da yaxşı nəticələr göstərirlər. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə, Azərbaycan 14-cü yerdə qərarlaşmışdır və bu, bizim ölkəmiz üçün tarixi nailiyyətdir".
Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Hazırda paytaxtımız növbəti "Formula-1" yarışların keçirməyə hazırlaşır. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.
Bütün bu uğurlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır.
Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünü yüksək qiymətləndirərək çox böyük mənası olduğunu, çox gözəl nəticələrin olacağını bildirib:"Əsas nəticə də ondan ibarətdir ki, bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB