"Formula 1"-in qonaqlarını paytaxtımız yenidən qarşılayacaq

"Formula 1"-in qonaqlarını paytaxtımız yenidən qarşılayacaq

Müasir dövrün qlobal çağırışlarına dəstək verən və dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malik Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib. Dünya birliyinin ayrılmaz hissəsinə çevrilən Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və bu inamın göstəricisidir. Ölkəmizdə biri-birini ardınca təşkil olunan beynəlxalq tədbirlər - "Euravision" mahnı yarışması, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, ilk Avropa Oyunları və onlarla belə tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyyət idman və bədən tərbiyəsinə göstərilən diqqət və qayğıdır. Ötən onillikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bir sıra sərəncam və fərmanları da respublikamızda bədən tərbiyəsi və idman sahəsində uğurlara yol açıb. Belə ki, bədən tərbiyəsi və idmanın inkişafına dair Dövlət Proqramı, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının və "Bədən Tərbiyəsi və İdman Günü"nün təsis edilməsi, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" və digər sənədlər idmana və idmanın inkişafına göstərilən yüksək qiymətin təzahürüdür. Azərbaycanın iştirak etdiyi beynəlxalq idman yarışlarında, Olimpiya Oyunlarında qazandığı nailiyyələri dövlətin idmana, gənclərə qayğısından irəli gəlir. Keçən qısa zamanda əldə olunan nailiyyətlərə nəzər salsaq, görərik ki, Azərbaycan idmançıları çoxlu sayda qızıl, gümüş və bürünc medallara sahib olublar. Son illər beynəlxalq yarışların keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi və s. dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağının daha da artdığını şahii oluruq. Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünya və Avropa səviyyəli çempionat və tədbirləri, o cümlədən, ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi böyük etimadı doğrutdu. Azərbaycan oyunların standartlarını, səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının məntiqi idi. Dünyanın 17 gün ərzində izlədi bu oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirməsi, açılış mərasiminin mükəmməlliyi, qeyri-adiliyi, möhtəşəmliyi, eləcə də, bağlanış mərasimindəki təqdimat tarixiləşdi, xatirələrdə ən gözəl günlər olaraq, kök saldı. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi.

İdman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycanın paytaxtı Bakının adı ən populyar idman şəhərləri sırasına daxil olub. Belə ki, Bakının adı Paris və Rio-de-Janeyronun adı ilə bir yerdə çəkilir. Artıq Azərbaycanda daha bir dünya yarışı bir neçə ildir ki, keçirilir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1" yarışlarına Azərbaycan üç dəfə ev sahibliyi edib. Dünyanın ən elit yarışlarından olan "Formula 1"-in qonaqlarını qəbul edən paytaxt Bakı mötəbər yarışın möhtəşəmliyi üçün hər cür tədbirləri reallaşdırıb. Hər il iştirakçılar və qonaqlar unikal xüsusiyyətlərə sahib Bakı şəhərinin əzəmətini seyr edirlər. YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsi Bakının ecazkar simasından söz açır. Hər il "Formula-1" Avropa Qran-Prisinin keçirildiyi günlərdə Bakıya minlərlə turist gəlir. Eyni zamanda, məşhur yarış 200-ə yaxın ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənilir.

Artıq Azərbaycanda yenidən daha bir "Formula 1" Azərbaycan Qran- Prisi star götürəcək. Bakıda növbəti "Formula 1" yarışı gələn il 27-29 aprel tarixlərində baş tutacaq.

Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq, yüksək səviyyədə qarşılayacaq. Bu əminliyi yaradan Azərbaycanın idman ölkəsi olaraq tanınması, daxili sabitliyin və əmin-amanlığın hökm sürməsi və xalqımızın qonaqpərvərliyi kimi əsas amillərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə