Çaylarda suyun səviyyəsi azaldı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 63 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Bankədə 1, Salyanda 6, Surrada 9, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2017-ci il avqustun 31-də 347 sm), Şirvanda 179 sm (2017-ci il avqustun 31-də 227 sm), Salyanda 107 sm (2017-ci il avqustun 31-də 153 sm), Bankədə 171 sm (2017-ci il avqustun 31-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2017-ci il avqustun 31-də 52 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə