İstər ulu öndər Heydər Əliyev, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan dispor quruculuğuna, bu həyati vacib əhəmiyyətli sahənin müasir dövrün reallığı kontekstində təşkilatlanmasına, təkmilləşdirilməsinə və təkamülünə yetərincə diqqət və qayğı göstərilmişdir. Bu mühüm proses hazırda da şəxsi maraqları dəf edərək ümummilli mənafeyimiz nöqteyi-nəzərindən hər vəchlə davam etdirilməkdədir.
Bu yaxınlarda, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin Fərmanı bunun təsdiqinin daha bir təzahürüdür.
Qeyd: “Azərbaycan Diaspor Fondunun” yaradılmasını illər öncə elmi məqalələrimizdə kreativ təşəbbüs kimi irəli sürmüş və “Azərbaycan diasporunun dövlətlərarası münasibətlərin inkişafında rolu” mövzusundakı dissertasiya işimizin nəticə hissəsini bu modern qənaətlə yekunlaşdırmışıq. Həmin ideya-layihə DİDK-nə təqdim olunmuş və ictimai şüurlara hopdurulması məqsədilə "Facebook.com"da (Azərbaycan Diaspor Fondu https://www.facebook.com/groups/693629814039385/?ref=bookmarks) ümumi qrup açılmışdır.
Təqdirolunası haldır ki, digər təklif və tövsiyələr mərhələli şəkildə nəzərdən keçirilir və yeni fikirlər müvafiq tədbirlərlə gerçəkləşdirilir.
Məsələn, müəllifi olduğum “Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti” adlı kitabda “- Xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənclərin və onların ətrafında olan şəxslərin Azərbaycana ekskursiyalarının təşkil edilməsi” təklifi reallaşdı (səh. 84). AXC-nin 100 illiyi ərəfəsinə təsadüf etdiyi üçün bu il bu şərəfə adlandırıldı.
O cümlədən, Azərbaycan diaspor haqqında məlumatların koordinasiyasının “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərməsi, vacib lazım olan informasiya mərkəzinin yaradılması, elmi mülahizəmiz bu yaxınlarda dəyərləndirilmişdir (səh.222).
Bu sahədə baş verən son yeniliklər mütəxəssis kimi baxışın, münasibətin ortaya qoyulmasını şərtləndirir, hadisələrin təhlilini zərurətə çevirir və özlüyündə bu məsələyə səbatlı davranmağı sövq edir.
Hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemini nəzərə alaraq, Dövlət Başçısının Dünya azərbaycanlılarının qurultaylarında vurğuladığı mətləblərə ciddi riayət olunmalıdır və Azərbaycan diasporunun faydalı iş əmsalının artırılması məqsədilə aşağıdakı tədbirlərin reallaşdırılması məqsədəuyğundur:
1. Diaspor sahəsinin inkişafı üzrə Dövlət Strategiyasının hazırlanması.
2. AXC-nin 100 illiyi ilə əlaqədar Dünya azərbaycanlılarının xüsusi qurultayının keçirilməs və ya “Azərbaycan diasporu: Baxış - 100 il” mövzusunda “Dəyirmi masa” və ya Elmi-praktiki konfransın keçirilməsi.
3. Diaspor ilə bağlı istənilən tədbirdə diplomatik korpusun nümayəndələrinin iştirakının təşkil edilməsi.
4. Diaspor sahəsinə akademik yanaşma gərək olduğuna görə istənilən tədbirlərdə, xüsusilə, gənclərlə görüşlərdə nüfuzlu ictimai xadimlərimizin, elm adamlarımızın və yaradıcı ziyalılarımızın iştirakının təmin olunması.
5. “Vətən” Cəmiyyətinin vaxtilə yerləşdiyi tarixi binanın “Diaspor Ev Muzeyi”nə çevrilməsi və Azərbaycan diasporunun xatirə kitabının açılması.
6. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsi ilə birgə yeni toplunun ərsəyə gətirilməsi.
7. KİV-də fəaliyyətin genişlənməsi, “Azərbaycan diasporu” adlı qəzet-jurnalların nəşr edilməsi və radio-televiziya verlişlərinin hazırlanması.
8. Diaspor sahəsində üzrə xüsusi mükafatın, medalın və fəxri nişanın təsis edilməsi.
9. Diaspor təşkilatlarının və nüfuzlu simalarının yubileylərinin qeyd edilməsi.
(Bunlar həm Azərbaycan diasporunun monolitliyinə, həm təşkilatların, həm də şəxslərin uzunmüddətli səmərəli fəaliyyətinə müsbət təsir göstə bilər).
10. Bakıda “Dünya azərbaycanlı gənclərinin evi”nin açılması və qitələr, ölkələr üzrə guşələrin yaradılması.
Bir daha qeyd edirəm ki, diaspor mənşə ölkəsinin sərhədlərinin hududlarında donor dövlətin qayda-qanunları çərçivəsində fəaliyyət göstərən mürəkkəb orqanizmdir və ya fəaliyyət növüdür. Bunun siyasiləşməsi yolverilməzdir. Eləcə də imitasiya xətrinə tədbirlər keçirmək və ayrı-seçkilik salaraq narazılıqların salınması əsla qəbuledilməzdir.
Diaspor işinə kompleks şəkildə yanaşmaq, incə gedişlə elmi-praktiki hormoniya sərgiləmək gərəkdir. Diaspor ilk əvvəl sosial-mədəni fəaliyyət sferasıdır. Burada sərt inzibati amirlik sistemi qurmaq və nümayiş etdirmək mütəşəkkilliyə ciddi mənfi təsir edəcəkdir.
Çünki, olduqca həssas, müxtəlif səbəb və zəngin koloritlərdən ibarət olan bu spesifik etno-təmayüllü sahə etnik-mənəvi amillər üzərində bərqərar tutan məsələdir. Bu, ümummilli mənafeyə ziddir. Özü ilə bir çox problemlərə, ən başlıcası birliyə, həmrəyliyə xələl yetirə bilər. Şəxsi maraqlar xətrinə tədbir deyil, ümummilli mənafe üçün sistemli ideoloji fəaliyyət göstərilməlidir.
Bir sözlə, istənilən ideyadan istifadə etdikdə gərək onun müəllifinə ehtiramla yanaşaraq, ciddi cəhdlə zəhmət çəkilsin ki, nəticə effektiv olsun. Şübhəsizdir ki, hər bir elmi-tədqiqat işi aidiyyatı sahənin nəzəri-praktiki inkişafına xidmət etmək üçün aparılır.
Ən başlıcası, dünyanın beş qitəsində mövcud olan Azərbaycan diasporu Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu strategiyası və Dövlət başçısı İlham Əliyevin yeni məzmunlu diaspor inkişaf konsepsiyası əsasında donor dövlətlərin qayda-qanunları çərçivəsində milli varlığın, birliyin, həmrəyliyin, adət-ənənələrin daşıyıcısı və qoruyucusu kimi, xalqlararası əlaqələrə, dövlətlərarası münasibətlərə sitimul verərək bəşəri tərəqqiyə xidmət göstərmək yoluna istiqamətləndirilmişdir.
Belə nəticə hasil olur ki, hər bir xalqın mənşə ölkəsindən kənarda assimilyasiyaya uğramaması, habelə beynəlxalq özünüifadəsi üçün diaspor potensialının kifayət qədər sağlam və mütəşəkkil olması, eləcə də düzgün istiqamətləndirilməsi və koordinasiya edilməsi gərəkdir.
Yəhya BABANLI,
T.ü.f.d., Diaspor məsələləri üzrə ekspert
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB