“Yerli su ehtiyatlarımız məhduddur”

“Yerli su ehtiyatlarımız məhduddur”

"Hədəfimiz ölkənin su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına nail olmaqdır". SİA-nın xəbərinə görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Ekologiya Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

İ.İbrahimova bildirib ki, bu gün planetin bütün regionları demək olar ki, içməli su ehtiyatları ilə imtahana çəkilir. Hesablamalara görə dünyada 3 milyard insan su qıtlığından əziyyət çəkir. Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur: "Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. Təəssüf ki, bu gün ölkəmizdə içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur.

Çalışmalıyıq ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisi az olsun. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır.

Su Yer üzünün tükənən sərvətlərindəndir. Bu gün dünyanın bir çox ölkələrində su qızıla bərabər tutulur, milyonlarla vəsait xərclənərək yerin yeddi qatından su çıxarılır. Afrikanın bir çox ölkələri susuzluqdan əziyyət çəkir, onlar üçün su, sözün əsl mənasında, həyat deməkdir. Biz suyun qədrini, qiymətini bilməliyik. Sudan səmərəli və qənaətlə istifadə etməsək, israfçılığa yol versək, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar".

Qurumun sözçüsü qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır. Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici video-çarx hazırlanıb: "Ümid edirik ki, KİV-lər video-çarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər.

Su bizim həyat mənbəyimiz və əvəzolunmaz nemətimizdir. Suya qənaət etməklə biz bu gözəl neməti gələcək nəsillər üçün də qoruyub saxlamalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə