Ölkəmizdə içməli sudan israfçılıqla istifadə olunur SƏS TV

Ölkəmizdə içməli sudan israfçılıqla istifadə olunur SƏS TV

“Bu gün planetin bütün regionları demək olar ki, içməli su ehtiyatları ilə imtahana çəkilir. Hesablamalara görə dünyada 3 milyard insan su qıtlığından əziyyət çəkir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur: “Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. Təəssüf ki, bu gün ölkəmizdə içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur. Çalışmalıyıq ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisi az olsun. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır. Su yer üzünün tükənən sərvətlərindəndir”.

Qurumun sözçüsü bildirib ki, bu gün dünyanın bir çox ölkələrində su qızıla bərabər tutulur, milyonlarla vəsait xərclənərək yerin yeddi qatından su çıxarılır: “Afrikanın bir çox ölkələri susuzluqdan əziyyət çəkir, onlar üçün su, sözün əsl mənasında, həyat deməkdir. Biz suyun qədrini, qiymətini bilməliyik. Sudan səmərəli və qənaətlə istifadə etməsək, israfçılığa yol versək, gələcək nəsillər bu israfçılığın acı fəsadlarını yaşayacaqlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır. Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici video-çarx hazırlanıb. Ümid edirik ki, KİV-lər video-çarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər”.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr, çaylarda mövcud vəziyyət və ümumi müqayisələr bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunub, buzlaqların sahəsi 2.4 km2 təşkil edib: “Bununla yanaşı buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub. Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosesinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, Azərbaycanın ərazisində dağ buzlaqları Bazardüzü. Tufandağ, Şahdağ. Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir”.

Baş hidroloq diqqətə çatdırıb ki, respublikanın daxili çaylarında və Transsərhəd çaylarda mövcud vəziyyət və çoxillik müqayisələr ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən 103 hidroloji məntəqədə müşahidələr aparılır: “Monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır. Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur. Analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılmış və həmin dövrdə də sululuqda azalma müəyyən olunmuşdur. Eyni zamanda Kür çayının yuxarı hissəsində və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılmışdır. Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı həm də aşağı hissəsində suyun səviyyəsində azalma baş verməkdədir”

Nazirlik yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev isə brifinqdə çıxışı zamanı deyib ki, ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd Kür, Araz, Qanıx, Samur, Astara və s. çaylarının su ehtiyatlarından istifadə edir: "İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 km3 təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər".

R.Verdiyev diqqətə çatdırıb ki, iqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illərdə azalıb: "Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir. Eyni zamanda içməli sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacib məsələlərdən biridir"

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə