Turistlər niyə Azərbaycanı seçir? ARAŞDIRMA

Turistlər niyə Azərbaycanı seçir? ARAŞDIRMA

İqtisadiyyatın ən gəlirli sahələrindən biri turizm sahəsidir ki, məhz bu sahənin inkişafı ilə bağlı son illər ölkəmizdə mühüm addımlar atılır, böyük uğurlar əldə edilib. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib, bu sahə üçün lazım olan bütün infrastruktur yaradılıb. Görülən işlərin nəticəsidir ki, son illər Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunur. İstər Bakıda, istər bölgələrimizdə sözün əsil mənasında turist axınını görmək mümkündür.

Son illərin statistikasına nəzərə yetirsək görərik ki, 2016-cı illə müqayisədə, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082-si Rusiya Federasiyası, 537 710-si Gürcüstan, 362 597-si İran, 301 553-ü Türkiyə, 102 360-ı Birləşmiş Ərəb Əmirlikləri, 62 454-ü İraq, 57 756-sı Ukrayna, 33 273-ü Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub. 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,6 faiz, 19,9 faiz, 13,4 faiz, 11,2 faiz və 3,8 faiz təşkil edib. 2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı olub.

2016-cı illə müqayisədə, 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, BƏƏ-dən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib. Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib. Avropa, Körfəz və Yaxın Şərq, Asiya, Afrika, Amerika regionu üzrə gələnlərin sayında isə artım baş verib.

2018-ci ilin rəqəmlərinə nəzər yetirdikdə isə deyə bilərik ki, yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 31,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10,0 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 67,2 faizini kişilər, 32,8 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 11,3 faizi yanvar, 10,0 faizi fevral, 16,7 faizi mart, 13,2 faizi aprel, 12,6 faizi may, 16,2 faizi iyun, 20,0 faizi isə iyul ayında ölkəyə gəlib.

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kifayət qədər artıb.

Azərbaycan Turizm Assosiasiyasının (ATU) İdarə Heyətinin sədri Nahid Bağırov deyib ki, son illər Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kifayət qədər artıb.

Onun sözlərinə görə, Ərəb turisti dedikdə bura BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn ölkələrindən gələn əcnəbilər daxildir: “2018-ci ildə ölkəmizə gələn turistlərin sayı ötən ilə nisbətən artıb. Artıma səbəb olan amillərdən biri bu ildən etibarən bir sıra ölkələrə birbaşa uçuşların həyata keçirilməsidir. Bu ildən etibarən Səudiyyə Ərəbistanının iki şəhəri - Ciddə və Omandan, Bəhreyindən olan uçuşların artması ölkəmizə gələnlərin sayında artıma səbəb olub. Bundan başqa bu ilk ölkəmizə Hindistan və Pakistandan gələnturistlərin sayında da nəzərə çarpacaq müşahidə olundu. Ümid edirəm ki, bu artım gələn il daha da artacaq”.

“İsrail turistləri də Azərbaycanın turizm bazarına axın edir”

ATA-nın İdarə Heyətinin sədri söyləyib ki, bu il İsraildən də ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunub: “Bu ildən etibarən Azərbaycana 3 hava şirkəti tərəfindən İsraildən ölkəmizə birbaşa uçuşlar həyata keçirildi ki, onlardan ikisi İsrail Hava Yolları, biri isə AZAL tərəfindən reallaşdı. İsrail turistlərinin Azərbaycanın turizm bazarına axını yenilik idi.İndiyədək belə hal qeydə alınmamışdı”.

H. Bağırov qeyd edib ki, cari ildə Azərbaycanın turizm bazarına BƏƏ-dən gələn vətəndaşların sayında azalma qeydə alınıb: “BƏƏ bazarında azalma qeydə alınsa da , ümumilikdə bu il turist axını ötən illə müqayisə də 5-10 faiz artıb. Ümumiyyətlə, turist axını ilə bağlı rəqəmlər il ərzində artıb, azala bilər. Əgər azalmanın həcmi 30-40 faizi ötərsə, demək ki, o sahədə hansısa problemlər var”.

Bəs görəsən turistləri Azərbaycana cəlb edən səbəblər nədir? Niyə məhz Azərbaycan?

ATU rəsmisi qeyd edib ki, turistləri ölkəmizə cəlb edən əsas məsələ ölkəmizdə mövcud olan sabitlik, inkişaf və təhlükəsizlikdir: “istənilən şəhər, gözəl, əlverişli ola bilər. Əgər orada sabitlik yoxdusa, o zaman həmin ölkələr turistləri cəlb etmir. İki il bundan öncə qardaş ölkədə çevriliş cəhdinin olması orada turistlərin sayını xeyli azaltmışdı. Türkiyə turistlər üçün gözəl, əlverişli məkan olsa da, oradakı problemlər turizm sahəsinə təsirini göstərmiş oldu”.

Azərbaycanın turistləri cəlb edən infrastrukturun olduğunu deyən qurum rəsmisi ölkəmizdə Dövlət başçısının təşəbbüsü ilə Viza sisteminin sadələşdirilməsi turistlərin Azərbaycana axınını daha da sürətləndirmiş olub.

Turistlər daha çox hara gedir?

N. Bağırov vurğulayıb ki, ölkəmizə gələn turistlər daha çox Bakı və Qəbələ rayonunda olmağa üstünlük verirlər: “Ölkəmizə gələn turistlərin hər biri Bakıya mütləq şəkildə gəlir. Çünki, Bakı gözəl şəhərdir və paytaxtımızın gözəlli bütün dünyada məşhurdur. O ki qaldı Qəbələyə orada digər bölgələrimizlə müqayisədə daha çox mehmanxanalar fəaliyyət göstərir və turistlər üçün əlverişli turizm infrastrukturu yaradılıb. Bundan başa Bakıda və Qəbələdə beynəlxalq Hava Limanının olması turistlərin bu ərazilərə marağını daha da artırmış olur. Bildiyiniz kimi Qəbələnin Beynəlxalq Hava Limanına artıq bir neçə ölkələrdən bir başa uçuşlar da həyata keçirilir. Bunun özü çox önəmlidir. Bundan başqa ölkəmizə gələn turistlərin marağına səbəb olan bölgələrə Quba, Qusar, Şamaxı, Şəki, İsmayıllı və digərləri daxildir”.

ATA rəsmisi əlavə edib ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz, ölkəmizə daha çox turist axınını təmin etməli, bu istiqamətdə atılan addımları davam etdirməliyik: “Mehmanxanaların, birbaşa uçuşların sayı artmalı, Asiya ölkələrinə birbaşa uçuşlar təmin olunmalıdır. Biz əminik ki, növbəti illərdə bizə Asiya ölkələrindən eləcə də Çindən gələcək turistlərin də sayı artacaq. Biz onların gəlişi üçün hazır olmalıyıq”.

Sonda belə nəticəyə gəlmək olar ki, 2017-2018-ci illərdə ölkəmizin turizm sahəsində xeyli nailiyyətlər əldə olunub. Bu artım tempinin növbəti illərdə də sürətlə davam edəcəyinə əminik.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə