Mətbuat və Parlament seçkiləri: kim və necə iştirak etdi – ANALİZ (LAYİHƏ)
Ənənəvi olaraq, "SƏS" qəzetinin redaksiyasında keçirilən və ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri əhatə edən dəyirmi masalar böyük ictimai marağa səbəb olub. SİA-nın məlumatına görə, bu gün keçirilən dəyirmi masanın mövzusu da "Parlament seçkiləri: reallıqlar və perspektivlər" məsələsi ətrafında təşkil edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Açıq Cəmiyyət İnstitutu"nun (Soros fondu) idarə heyətinin sədri Mehman Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, "AVCİYA" seçki qərargahının rəhbəri Sadiq Rzayev, ATƏT-in Bakı ofisinin nümayəndəsi Elgün Tağıyev, SİA-nın icraçı direktoru Vəli Vəliyev iştirak edib.
Dəyirmi masada giriş sözü ilə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev ənənəvi olaraq keçirilən bu cür dəyirmi masaların cəmiyyət tərəfindən böyük maraqla qarşılandığını bildirib. Qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında baş verən ən mühüm və aktual məsələlərlə bağlı "Səs" qəzetinin redaksiyasında artıq üç ilə yaxındır ki, ictimaiyyət nümayəndələrinin, dövlət və hökumət rəsmilərinin, ayrı-ayrı vətəndaş cəmiyyətlərini təmsil edən şəxslərin bu dəyirmi masalarda müzakirə olunan mövzulara münasibətləri geniş oxucu auditoriyasına təqdim edilib. Bugünkü dəyirmi masanın məhz ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən parlament seçkisi ərəfəsində təşkil olunması cəmiyyətin bu prosesə olan diqqətinin daha da gücləndirilməsinə xidmət göstərir, deyən baş redaktor burada müzakirə olunacaq məsələlərin daha effektli bir nəticəyə nail olmaq üçün önəmindən bəhs edib.
B.Quliyev istənilən bir prosesin cəmiyyət və ölkə həyatında əhəmiyyətinin olduqca böyük olduğunu, bu istiqmətdə müxtəlif fikirlərin, illüziyaların da ortaya çıxmasının təbii qarşılandığını qeyd edib. Həmçinin, ölkəmizdə aparılan hərtərəfli uğurlu siyasətin bariz nümunəsi olaraq, hər bir sahədə olduğu kimi, siyasi proseslərdə də yüksəlişin əldə olunduğunu qeyd edən baş redaktor Azərbaycanın özünəməxsus inkişaf tendensiyasının köksündə dayanan amillərdən də bəhs edib.
Sonra tədbir dikussiyalar şəklində davam etdirilib.
Millət vəkili Musa Quliyev:
- İlk öncə, "Səs" qəzetinin redaksiyasına belə bir mövzu ətrafında müzakirələr təşkil etdiyimə görə, öz minnətdarlıqlarımı çatdırmaq istəyirəm. Qeyd edim ki, bu cür müzakirələrin cəmiyyət üçün çox böyük və xüsusi əhəmiyyəti vardır. Vurğulayım ki, Azərbaycandakı seçki mühitini, seçki prosesini ölkədəki ictimai-siyasi prosesin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Ölkəmizdə ictimai-siyasi proseslər hansı istiqamətdə gedirsə, məhz seçkilər də bu prinsip açıq şəkildə özünü göstərməlidir. Digər bir tərəfdən ölkəmiz müstəqillik əldə etdikdən sonrakı illərdə qazandığı seçki təcrübəsi, seçki ənənəsi, seçkilərin keçirilməsi üçün lazım olan hüququ bazanın yaradılması, maddi-texniki bazanın formalaşdırılması, insan resurslarının bu prosesə cəlb edilməsi seçkilərin demokratik keçirilməsini təmin edən amillərdən biridir. O cümlədən, seçkilərin keçirilməsi məsuliyyəti birbaşa iqtidarın üzərinə düşür və Azərbaycan iqtidarı və iqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası bu məsuliyyəti dərindən dərk edərək, seçkilərin ildən-ilə daha demokratik keçirilməsinə nail olur.
Düşünürəm ki, seçkilərin azad və ədalətli keçirilməsi, insanların öz iradəsini ifadə etmək üçün seçki məntəqələrinə gələrək, səsvermə hüququndan istifadə etməsi Azərbaycanda demokratik prinsiplərin təminatına böyük bir töhfə verir. Onu da qeyd edim ki, artıq seçki prosesinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Məhz bu prosesin ardınca parlament seçkilərində iştirak edəcək namizədlərin kimliyi bir daha dəqiqləşdiriləcək və bundan sonrakı mərhələdə isə onların təbliğat mərhələsi başlayacaq.
Millət vəkili Fazil Mustafa:
- Builki seçkilər, təbii ki, əvvəlki seçkilərdən formasına görə də, fərqlənir. Çünki burada siyasi mübarizə artıq ayrı-ayrı namizədlər arasında yox, daha çox partiya birlikləri və ayrı-ayrı qurumlar arasında gedir. Bu amil isə seçkiyə fərqli bir məzmun gətirmiş olur. Bundan öncəki seçkilərdə seçki dairələrində daha çox birtərəflər və ayrı-ayrı siyasi partiyaları təmsil edən nümayəndələr mübarizə aparırdılarsa, indi vəziyyət tamamilə dəyişib. Hazırda bu mübarizə daha çox bloklar və partiyalar arasında müəyyənləşmiş şəxslər arasında keçiriləcək. Onu da əlavə edim ki, seçkidə iştirak edəcək namizədlərin yekun siyahısı hələ tam müəyyən edilməyib. Burada da iki amil prinsip kimi əsas götürülür. Birinci amil odur ki, seçkidə iştirak edən şəxslərin namizədliyinin irəli sürülməsi bu seçki prosesini imzatoplama kampaniyasını hansı keyfiyyətdə həyata keçirməsi və təhvil verməsidir. İkinci amil isə buna qanunauyğun münasibətin necə olması müəyyənləşməlidir. Məhz bu məsələlər və prinsiplər tam şəkildə yerinə yetirildikdən sonra seçkiyə qatılmağın qanunauyğunluğu təmin edilməlidir. Seçki prosesində yaxından iştirak edən şəxs kimi onu deyə bilərəm ki, hələlik, bu məsələdə heç bir uyğunsuzluq və neqativ bir halla qarşılaşmamışıq. Çünki seçkidə iştirak edən istənilən namizədin qeydə alınması və onu imza vərəqələrinin verilməsi məsələsi tələb olunan bütün prinsiplər yerinə yetirilir.
ADP sədri Sərdar Cəlaloğlu:
- Bir məsələni qeyd edim ki, demokratiya anlayışı çox geniş bir anlayışdır. Bir tədbirlə və müəyyən bir müddət çərçivəsində bu məsələnin prinsipləri barəsində oxucuya geniş məlumat vermək çox çətindir. İnsanlar öz hüquq və azadlıqlarını qanunlar və prinsiplərlə təmin olunmasını və onların seçim haqlarının təsbit edilməsini bütün tarix boyu təmin etməyə çalışıblar. Bu baxımdan da demokratiya anlayışı insanların azad və ədalətli formada seçim imkanlarını özündə ehtiva etmiş olur. Bu ilin payızında keçiriləcək seçki prosesində də insanların aktivliyi nəzərəçarpacaq nəticələrin əldə olunmasına imkan vermiş olacaq. Çünki istənilən bir siyasi təşkilatın seçki prosesində yaxındaş iştirak etmək üçün bir sıra resurslar da tələb olunur. Bu, ilk növbədə, maliyyə resursu və insan resursları ilə bağlıdır. Ona görə də, inanırıq ki, parlament seçkilərində bu imkanlara malik olan siyasi qüvvələr uğur qazanmaq imkanı əldə etmiş olacaqlar. Ölkədə seçki prosesinin azad və ədalətli, şəffaf prinsiplər əsasında keçirilməsinə gəldikdə isə, bu sahədə parlament seçkilərinə müəyyən vaxtın qalmasına baxmayaraq, normal istiqamətin getdiyini söyləmək olar. Bu baxımdan da, seçilmək hüququna malik olan insanlar prosesin daha şəffaf keçirilməsi üçün əllərindən gələn hər cür köməyi etməlidir.
"Yeni Azərbaycan" qzetinin baş redaktoru Hikmət Babaoğlu:
- İlk növbədə, bu cür müzakirələrin qurulmasının xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək tam yerinə düşərdi. Onu da qeyd edim ki, Sərdar bəy burada demokratiyanın fəlsəfi və nəzəri əsaslarından danışmağa çalışır. Əgər biz burada reallığı qimyətləndirməyə çalışırıqsa, məhz reallıqdan danışmalıyıq. Çünki demokartiya elə bir anlayışdır ki, əgər bunun hansısa cəhətdən araşdırmağa başlasaq, sonsuz bir mübahisələrə yol açmış olarıq. Burada real mənzərə ondan ibarətdir ki, ölkəmizdə konstitusion demokratiya mövcuddur. Ola bilsin ki, burada real demokratiya ilə bağlı müəyyən fikirlər səslənsin. Amma bu da, ümumilikdə, proseslərin gedişinə heç bir halda təsir göstərə bilməz. Bir faktı da qeyd edim ki, hüququn siyasi aspketlərinə nəzər saldıqda, Azərbaycan Konstitusiyasında qeyri-demokratik və yaxud demokratiyanın inkişafına maneçilik törədəcək maddəyə rast gəlinməyib. Bu baxımdan da, Konstitusiya məhz Azərbaycanda demokratiyanın inkişafını təmin edəcək ən mükəmməl bir sənəddir. Ona görə də, bu cür məsələlərə şübhə ilə yanaşmaq lazım deyil. Cəmiyyətdəki demokratik münasibətlərin nə dərəcədə konstitusion hüquqlarımıza vətəndaşların təməl hüquqlarına uyğun şəkildə həyata keçirilir, məhz bu sadalanan məsələlərdə müəyyən epizodlarla kimlərsə narazı qala bilərsə də, buna da normal bir hal kimi yanaşmaq lazımdır. Bu isə hər bir vətəndaşın münasibət bildirmək hüququndan qaynaqlanan məsələdir. Burada ziddiyyət ondan ibarətdir ki, bir çox şəxslər iddia edirlər ki, "mən bildiyim ən doğurudur" və hər kəs də bunu qəbul etməlidir. Bu cür yanaşmalar isə kökündən yanlış bir düşüncənin məhsuludur. Payızda keçiriləcək parlament seçkilrinə gəlincə isə, hesab edirəm ki, builiki seçkilər Azərbaycanın seçki tarixində yeni bir eranın başlanğıcıdır. Çünki bu gün ölkəmizdə keçiriləcək seçki prosesi üçün ən münbit şərait mövcuddur və seçim və seçilmək hüququna malik olan şəxslər də bundan məharətlə istifadə edəcəklər.
Daha sonra tədbirdə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Açıq Cəmiyyət İnstitutu"nun (Soros fondu) idarə heyətinin sədri Mehman Əliyev, "AVCİYA" seçki qərargahının rəhbəri Sadiq Rzayev, ATƏT-in Bakı ofisinin nümayəndəsi Elgün Tağıyev çıxış edərək öz fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB