“Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” KONFRANS - SƏS TV

“Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” KONFRANS - SƏS TV

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, DQİDK yanında yaradılan İctimai Şuranın üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Milli QHT Forumunun təmsilçiləri dini konfessiyaların rəhbər və nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda İslam dəyərlərinin təbliğində dini maarifçiliyə geniş yer ayrılır. O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə milli-mənəvi dəyərlərin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün dini maarifləndirməyə də xüsusi diqqət yetirilməlidir.

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyib ki, gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılması vacibdir.

Azay Quliyev qeyd edib ki, cəmiyyətin, xüsusilə də Qeyri-Hökumət Təşkilatlarının səfərbər olmasına ehtiyac var. Diqqətə çatdırılıb ki, savad baxımından geri qalan şəxslər xurafata meylli olurlar. Bundan istifadə edən qruplar onları hədəfə götürüb risk qrupuna daxil edirlər. Dini radikalizm daha çox sosial şəbəkələr vasitəsilə yayılır. Dini radikalizmə qarşı mübarizə istiqamətində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılmalıdır.

Konfransda digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda islami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrılır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunması önəmli yerlərdən birini tutur. Bu dəyərləri qorumaq üçün dini maarifləndirməyə də xüsusi diqqət yetirilməlidir. Gənclərimizin radikalizmindən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qoruması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub.

Həmçinin tədbir iştirakçıları dini maarifləndirmə işinin artırılmasının cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə