"Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi"

"Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dubai İnternational" hotelində "Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi" adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və AMEA-nın ekspertləri, gənclər, tələbələr, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq Dövlət himni səsləndirilib.

Konfransı giriş sözü ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev açaraq, əvvəlcə Fondun fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verib.

Ailənin cəmiyyətin inkişafındakı mühüm rolundan danışan C.Əliyev ailə dəyərlərinin hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutduğunu bildirib. Ailənin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, hər zaman ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşıldığını, onun təməlinin möhkəm olması istiqamətində ciddi addımlar atıldığını söyləyib.

Bir insanın formalaşmasında gentik, mühit, ailə kimi faktorların mövcudluğunu vurğuladı. Müasir cəmiyyətimizdə müəyyən qədər boşanma hallarına da rast gəlindiyini, lakin bunun qlobal təhlükəyə çevrilmədiyini bildirən C.Əliyev qeyd edib ki, hər bir insan öz ailəsinin sağlam, mənəvi cəhətdən güclü olmasına çalışsa, cəmiyyətimiz də güclü və sağlam olar.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Ailə münasibətlərinin hüquqi tənzimi" mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə nəzər saldı və bunun cəmiyyətimizdə sağlam ailənin formalaşmasında əhəmiyyətinə diqqəti çəkib. O bildirib ki, ailələrdə bir sıra xoşagəlməz nəticələr baş vermədən əvvəl ilk növbədə ailənin hüquqi tənzimlənməsinə diqqət yetirilməlidir. Ölkəmizdə ailə məsələlərini tənzimləyən hüquqi bazanın olduğunu bildirən T.İbrahimova ailənin möhkəmləndirilməsində zəruri olan amillərə nəzər salıb. Ailə məcəlləsində və ailə məsələlərində qeyd olunduğu kimi, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyini, ailə üzvlərinin hüquqlarının heç bir mane olmadan həyata keçirilməsindən danışıb.

Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "Ailə və din" mövzusunda məruzə ilə çıxış edərək, cəmiyyətin formalaşması və inkişafında ailənin mühüm vasitə olduğunu qeyd edib. Bildirdi ki, fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin təməlidir. Din və ailə münasibətlərindən, onların Azərbaycan cəmiyyətindəki rolundan danışaraq, vurğulayıb ki, qloballaşma, informasiya texnologiyalarının inkişaf etdiyi cəmiyyətdə yaşadığımız dövrdə Azərbaycan ailəsi öz dəyərlərini qorumalıdır. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin daha da gücləndirilməsi, gənc nəslin ailə ənənələrinə hörmətlə yanaşmasının vacibliyinə diqqət çəkib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova "Qloballaşma və ailə", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova "Ailənin psixoloji iqlimi", AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov "Azərbaycan ailəsində gender bərabərliyi" mövzusunuda məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.

Sonra konfrans mövzu ətrafında diskussiya ilə davam etdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə