Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti növbəti məşğələ və təlimlərə cəlb olunub

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti növbəti məşğələ və təlimlərə cəlb olunub

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.

Aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları zamanı SU-25 hücum təyyarələri və Mİ-35 döyüş helikopterləri ilə yer hədəflərinə müxtəlif döyüş manevrlərindən hücum məşq etdirilib.

Tank bölmələri ilə kompleks məşğələlərdə tankçılarımızın sürücülük və atəş bacarıqları yoxlanılaraq qiymətləndirilib. Tankçıların Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda virtual olaraq mənimsədikləri vərdişlər, səhra şəraitində təşkil olunan praktiki məşğələlərdə daha da təkmilləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə