Hacı İlqar: “Paytaxtda rektorlar hicablı tələbələrə problem yaradır”

Hacı İlqar: “Paytaxtda rektorlar hicablı tələbələrə problem yaradır”

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu orta məktəblərdə hicablı şagirdlərin təhsil almasına yaradılan maneələrə münasibət bildirib. SİA-ya açıqlamasında İ. İbrahimoğlu deyib ki, hazırda ölkənin təhsil müəssisələrində hicaba kütləvi şəkildə qadağa qoyulması ilə bağlı problem yoxdur. O, qeyd edib ki, hər dəfə təhsil ilinin əvvəlində hicabla bağlı həm orta, həm də ali məktəblərdə problemlər yaradılır. O bununla bağlı monitorinqin keçirildiyini və mütəmadi maarifləndirmə işlərinin aparıldığını bildirib: "Nazirlik əslində bunula bağlı heç nə deməyib, kontekstdən çıxarılıb. Ümumiyyətlə təhsil nazirliyi və ölkə rəhbərliyi insan haqlarının təmini xəttini tutub. Buna görə də, düşünürəm ki, təhsil nazirliyinin məktəb forması ilə bağlı yanaşması hicab azadlığı ilə bağlı problem yaratmağa yönəlməyib. Bu mənada bunlar bir-birinə qarşı təzadlı deyil. Amerikada, Avropada aparıcı təhsil müəssisələrində forma olan yerdə vicdan azadlığı da təmin olunur və baş örtüyünə icazə verilir. Düşünürəm ki, bu Azərbaycan üçün problem daşımır".

 

Paytaxtda yalnız 10 faiz universitetlərdə rektorlar tərəfindən bu problemin yaradıldığını deyən Hacı İlqar bildirib ki, yaxın günlərdə bu məsələ də öz həllini tapacaq: "Bu məsələdə biz nəticəni görəcəyik və problem çözüləcək. Çünki öncəki illərdə dövlətin siyasəti buna yönəlib ki, bu problem olmasın və vicdan azadlığı təmin olunsun", - deyə Hacı İlqar vurğulayıb və bu məsələ ilə bağlı davamlı olaraq dövlət orqanlarına müraciət etdiklərini bildirib.

 

O, yaxın keçmişdə 800 hicab taxan qadınların birgə böyük forumunun keçirildiyini xatırladıb: "Xanımların forumundan sonra, o cümlədən ölkə başçısına, Mehriban Əliyevaya, Ombudsman aparatına müraciət qəbul edildi. Hesab edirəm ki, burada çözülməyən bir problem yoxdur. Yəqin ki, nəticəsi müsbət olacaq. Ümid edirik ki, Avropa və bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məsələ həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə