Nizami Cəfərov: “Soyad formalarının dəyişdirilməsi qaydaları istər qanun, istərsə də sərəncam formasında ancaq yeni doğulan uşaqlara aid olunacaq” - MÜSAHİBƏ

Nizami Cəfərov: “Soyad formalarının dəyişdirilməsi qaydaları istər qanun, istərsə də sərəncam formasında ancaq yeni doğulan uşaqlara aid olunacaq” - MÜSAHİBƏ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun SİA-ya müsahibəsi

- Azərbaycanda soyad formalarının dəyişdirilməsi qaydaları ilə bağlı məsələnin həlli nə yerdədir. Milli Məclisin payız sessiyasında bununla bağlı qanunun qəbul edilməsi nəzərdə tutulubmu?

- Soyadlarla bağlı bağlı məsələyə yenidən baxılacaq. Amma Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi komissiyası tərəfindən materiallar hazırlanıb, hansı soyad formalarının işlənməli olduğu müəyyənləşib. Əsas odur ki, indiki dəqiq vəziyyət-nə qədər adlarımız, soyadlarımız, ata adlarımızın olması öyrənilib. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin rəhbərliyi ilə bunun bütün statistikası hazırlanıb. Bundan sonra ikinci mərhələ qalır ki, ya biz Ailə Məcəlləsinə dəyişiklik edəcəyik, ya da prezidentin bu məsələ ilə bağlı ayrıca sərəncamı olacaq. İndi vəziyyət belədir ki, insanların 10 %-ə qədəri "zadə", 10%-ə qədəri lı, li, lu, lü, 80%-ə qədər isə ov, yev soyadı daşıyır. Burada söhbət ondan getmir ki, biz bütövlükdə ov, yevdən imtina etməliyik. Bəzi Şahtaxtınski, Lənkəranski, Ağdamski, Şixlınski, Talışınski kimi ənənəvi soyadlar var ki, onların indiki daşıyıcıları dədə-babalarına hörmət əlaməti olaraq dəyişmək istəmirlər. Bunlara da imkan vermək lazımdır. Amma istər qanun, istərsə də sərəncam formasında bütün hallarda bu məsələ yeni doğulan uşaqlara aid olunacaq. Əvvəlki nəsillər istəsə dəyişə bilər, istəməsə yox. Amma yeni doğulanlara bu məcburidir. Ancaq yeni qanunda və ya sərəncamda insanlara sərbəstlik veriləcək. Kimsə anadan olduğu yerin adını soyad götürə bilər. Valideyn öz soyadını yox, anadan olduğu rayonun adına uyğun soyad verə bilər. Vəziyyət bu şəkildədir. Hazırda bu məsələlər Ədliyyə Nazirliyində baxılır, çünki bu VVAQ orqanlarının işidir. Onların da müəyyən təklifləri olacaq, çünki ancaq akademik təkliflə işləmək olmaz, həm onun rəsmi təklifi olmalıldır. Soyadların verilməsində tək onun estetikası yox, hüquqi tərəfləri də var. Təbii ki, bu məsələyə Prezident Administrasiyasının müvafiq şöbəsində də baxılacaq. Bundan sonra, vəziyyətin necə olacağı müəyyənləşəcək.

- Dilçi alim kimi ölkə mətbuatında Azərbaycan dilinin orfoqrafiyasının, ümumilikdə dilin qanunauyğunluqlarına riayət olunmasının hansı səviyyədə olduğunu düşünürsünüz?

- Bu vəziyyət o qədər də yüksək səviyyədə deyil. Mətbuatda bununla bağlı xeyli dərəcədə səhvlər var. Amma bununla yanaşı bir şeyi də deyim ki, bu gün Azərbaycan dilini əsasən mətbuat-qəzet, jurnal və televiziya inkişaf etdirir. Yəni, bir vaxtlar əgər üstünlüyü inkişaf baxımında yazıçılara, şairlərə, elm adamlarına verirdiksə, indi əsas publisistikadır. Azərbaycan dilinin zənginləşməsinin ən əsas obyekti publisistikadır. Çünki ictimai şüur bugün öz axını ilə gəlir. Bütün yeniliklər də orada baş verir. Ancaq orada normalaşdırma baxımında ciddi çətinliklər var. Çox zaman bizim qəzetlərdə korrektura sistemi yaxşı qurulmayıb. Bir vaxtlar əgər radio və ya televiziya çıxışlarımızı da yazıb oxuyurduqsa, indi əksinədir. İndi mətbuata şifahi dil gəlir. Yəni, bugün jurnalist nə eşidirsə, onu da mətbuata gətirir. Yəni məlumatlar o şəkildə, işlənmədən, təbii axını ilə gəlir. Bu üstünlük verməklə yanaşı, orfoqrafik, sintaksis normaların pozulmasına da gətirib çıxarır. Mənə belə gəlir ki, bu pozulmalar təhlükəli şəkildə deyil. Çünki, elə şeylər var ki, dildə həqiqətən pozulmalıdır. Dil norma ilə anomaliyanın vəhdətidir. Əgər dildə müəyyən çeviklik, anomaliyalar, fərqli xüsusiyyətlər olmasa, onda pedant bir vəziyyətdə olur. Bunun belə təhlükəsi də var. Bunların ikisini requlyasiya etmək lazımdır. Həm zənginlik gəlməlidir, üslubu aktlar meydana çıxarılmalı, həm də şəxsi fikir gəlinməlidir. Dil fikirsizdisə o, əhəmiyyətini itirir.

- Etiraf edək ki, bu gün Azərbaycanda elm, təhsil, səhiyyə və digər ictimai idarələrdə rus dilində ünsiyyətə üstünlük verilir. Siizin buna münasibətiniz necədir?

- Təbii ki, bu bizim hamımızı narahat edir. Bizim dövlət idarələrimiz, xüsusilə də ziyalılarımız rus dilinə həqiqətən üstünlük verirlər. Məsələn, Azərbaycan dilində kino çəkilir və o kinonun çəkilişi prosesində rejissordan başlamış operatora qədər hamı rus dilində danışır. Azərbaycanca konsert hazırlanır və konsertin hazırlanması prosesində hətta muğam ifaçıları da rus dilində danışır. Bu bir tərəfdən texniki sahələrin Azərbaycan dilinə ağır daxil olması ilə bağlıdır. Düşünürəm ki, bu probeləmlərin aradan qaldırılması üçün müəyyən bir vaxt, zaman tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə