Kür çayı və onun qollarında fenolların miqdarı normadan bir neçə dəfə çox olub

Kür çayı və onun qollarında fenolların miqdarı normadan bir neçə dəfə çox olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyulda növbəti monitorinq həyata keçirib. Departamentdən SİA-ya verilən xəbərə görə, iyulun üçüncü ongünlüyündə Kür çayında suyun sərfi ayın ikinci ongünlüyünə nisbətən saniyədə 6 kubmetr azalaraq 115 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların miqdarının yol verilən qatılıq həddindən (YVQH) bir neçə dəfə çox olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularıdır.

Belə ki, iyulun üçüncü ongünlüyündə Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə aparılan monitorinqlərin nəticələrinə görə fenolların miqdarı YVQH-ni 2 dəfə keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70–7,66 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə