İcra başçısının Havzova kəndində səyyar qəbul-görüşü keçirilib

İcra başçısının Havzova kəndində səyyar qəbul-görüşü keçirilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Havzova kəndində keçirib. SİA-nın məlumatına görə, icra strukturları nümayəndələrinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə çıxış edən sakinlər mülahizələrini, təklif və arzularını İcra başçısının diqqətinə çatdırıblar.

Ölkə Prezidentinin sərəncamları ilə son illərdə respublikanın bütün rayonlarında olduğu kimi Lənkəranda da gerçəkləşən sosial layihələrdən razılıqlarını bildirən sakinlər Havzova kəndində kəndara yolunun təmir olunduğunu, çəltik əkininin iki dəfə artırılaraq 1,5 hektara çatdırıldığını, 5 hektarda sitrus və 1 hektarda limon bağının salındığını, bu il ilk dəfə olaraq baramaçılığın inkişafına başlanıldığını və 414 kiloqram məhsulun tədarük edilərək qəbul məntəqəsinə təhvil verildiyini dilə gətiriblər.

Görüşdə sakinlər tərəfindən 1 kilometrlik kəndarası yolunun asfaltlanması, yeni salınmış yaşayış məhəllələrinə elektrik xətlərinin çəkilməsi, tibb məntəqəsinin və sənətkarlıq evinin təmiri ilə bağlı qaldırılan məsələləri diqqətlə dinləyən icra başçısı T.Qaraşov onların nəzarətdə saxlanılması və bu barədə lazımi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə