Astarada 2018-ci ilin birinci yarısının nəticələri müzakirə olunub

Astarada 2018-ci ilin birinci yarısının nəticələri müzakirə olunub

İyulun 30-da rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. SİA-nın məlumatına görə, rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır. Bu ilin altı ayında qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişafını saxladığını, iqtisadi və beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini bildirmişdir. Sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla davam etdiyini qeyd edərək 2018-ci ilin bizim üçün uğurlu il olacağını vurğulamışdır.

Burada AAAF tərəfindən inşa edilmiş kotteclərin tikintisinin başa çatdırılması, hoteldə tamamlanma işlərinin aparılması sürətləndirilmişdir. Eyni zamanda bulvar ərazisində atçılıq idman klubu üçün meydança və binanın tikintisi, sürət maşınlarının “world carting” yarış meydançasının salınması işi davam etdirilir.

Hesabat dövründə rayon sakinləri üçün ən yaddaqalan hadisələrdən biri də Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisinə başlanması olmuşdur. 9 min nəfər əhalinin yaşadığı, üç yaşayış məntəqəsini birləşdirən 11 km uzunluğunda olan dairəvi yolun böyük hissəsinə yüksək keyfiyyətli asfalt döşənmiş, bu istiqamətdə işlər davam etdirilir.

Rayon ərazisində əkilmiş 252 hektar taxılın 182 hektarı buğda, 70 hektarı arpa olmuşdur. 450 hektar ərazidə çəltik əkilmişdir ki, quraqlıqla əlaqədar növbəlilik əsasında suvarma suyunun sahələrə çatdırılması tənzimlənir.

Son illər rayonda sitrus meyvələrin istehsalına diqqət artmış 2017-2018-ci illər ərzində 1280 hektar yeni sitrus bağları salınaraq rayon üzrə sitrus bağların ümumi sahəsi 3625 hektara çatdırılmışdır.

Rayon ərazisində mövcud 345 hektar çay sahəsində may ayında çay yarpağı yığımına başlanılmış, birinci yığımda 235 ton çay yarpağı yığılaraq fabriklərə təhvil verilmişdir. Hazırda ikinci yığıma başlanmışdır.

Rayonda baramaçılığın inkişafı ilə əlaqədar bu il ilk dəfə olaraq 52 qutu barama qurdu gətirilərək kümçülərə paylanmış, 769 kq barama tədarük olunaraq Şəki İpək Kombinatına təhvil verilmişdir.

Rayon üzrə 1330 hektar yonca sahəsi mövcuddur. Bu il 370 hektar sahədə yonca, 200 hektar sahədə qarğıdalı və 1170 hektar sahədə kartof əkilmişdir.

Rayonun uzaq dağ kəndlərinin yollarının asfaltlaşdırılması, dənizkənarı park-bulvarın salınması, digər abadlıq işlərinin aparılması ilə turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Müalicəvi suları, bənzərsiz təbiəti, tarixi, mədəni abidələri ilə zəngin olan rayonumuza turistlərin gəlişi başlanmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaq məqsədilə əməli tədbirlər həyata keçirilməlidir. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Həsənov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Su Sistemləri İdarəsinin rəisi Habil Manafov və başqaları çıxış etmişlər.

Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, nə qədər uğurlarımız olsa da, görüləsi işlər də çoxdur. Havaların isti keçməsi ilə əlaqədar bəzən əhaliyə elektrik verilişində fasilələrin yaranması narazılıqlar yaradır. Bunun üçün çıxış yolları axtarılmalı, tədbirlər görülməlidir.

Bu və digər məsələlərlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı birinci yarımildə görülən işlərin nəticələrinə əsasən 2018-ci ilin Astara rayonu üçün yüksək inkişaf və bolluq ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə