Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi mətbuat konfransı keçirib

Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi mətbuat konfransı keçirib
Bu gün Ümümdünya QİÇS günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib ki, İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma ilə bağlı məlumat ilk dəfə 1981-ci ilin iyunun 5-də ABŞ-da 5 gənc barəsində verilib. Onun sözlərinə görə, 1988-ci ildə isə 1 dekabr BMT tərəfindən Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edilib və bu il artıq 22-ci dəfədir keçirilir.

Həqiqət Qədirova QİÇS pandemiyasının hələ də dünya səhiyyəsinin ən ciddi problemlərindən biri olduğunu söyləyib. O vurğulayıb ki, İİV-İnsanların İmmunçatışmazlıq Virusudur: "İİV insanın müxtəlif infeksiyalardan qoruyan immun sistemini zəiflədir və immun sisteminin müəyyən hüceyrələrini zədələyir. QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İnsanda immun sistemi zəiflədiyi halda isə insan müxtəlif xəstəliklər, xüsusilə də infeksion xəstəliklər qarşısında aciz qalır. Ölkəmizdə bu xəstəliklə mübarizə sahəsində tibbi, sosial yönümlü işlər həyata keçirilir. İİV-ə yoluxmuş insanda immunitet müəyyən səviyyəyədək azalarsa və ya onda bir və ya bir neçə opportunistik xəstəliklər aşkar olunarsa, ona QİÇS diaqnozu qoyulur".

Mərkəzin direktoru qeyd edib ki, hazırda Azərbaycanda 2000-dən artıq İİV infeksiya ilə yaşayan insan var və infeksiyaya yoluxanların 554 nəfəri xəstəliyin QİÇS mərhələsindədir. Onun fikrincə, bu xəstəlik daha çox 19-50 yaş arasında özünü göstərir ki, bu da ümumilikdə İİV-ə yoluxanların 92%-ni təşkil edir. Bu infeksiya daha çox kişilərdə təsadüf olunduğunu deyərək o əlavə edib ki, bu da xəstələrin 83%-i deməkdir: "İİV qan, sperma, vaginal mayesi və ana südü vasitəsilə keçir, qeyri-steril iynə və ya şprislərin və digər infeksiya ləvazimatlarının birgə və təkrarən istifadə olunması, qorunmamış cinsi əlaqə zamanı, üzərində qan qalıqları ola biləcək istifadə olunmuş üzqırxan alətlərinin, diş fırçalarının təkrarən istifadəsi, manikür, tatuaj və ya pirsinq zamanı istifadə olunan qeyri-steril ləvazimatlarla, İİV-ə yoluxmuş uşağa ötürülür. Hava-damcı yolu ilə isə bu xəstəliyə yoluxulmur. İndiyədək Azərbaycanda QİÇS-dən 318 nəfər dünyasını dəyişib. Azərbaycanda xəstələrin 64 faizi bu infeksiyaya şüurlu şəkildə - narkotiklərin istifadəsi nəticəsində yoluxub. Ən çox yoluxma halları Şirvan, Hacıqabul, Lənkəran, Sumqayıt və Astarada qeydə alınıb".

H.Qədirova vurğulayıb ki, Azərbaycanda HİV/AİDS problemi ən aktual problem olaraq daim nəzarətdədir. Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda da İİV-ə yoluxma ilə bağlı vəziyyət stabil qalır. O qeyd edib ki, Azərbaycanın da daxil olduğu Şərqi Avropa regionunda hələ artım müşahidə edildiyindən vəziyyət bizi arxayın edə bilməz. Direktor deyib ki, MDB ölkələri arasında isə Azərbaycanda İİV-ə yoluxma səviyyəsi yüksək deyil.

Qeyd edək ki, hazırda dünyada 33 milyondan çox İİV-ə yoluxub və ya QİÇS-lə xəstələnmiş insan yaşayır. 2007- ci ildə QİÇS-dən 2,1 milyon insan dünyasını dəyişib və 2,5 milyon İİV-ə yoluxub. İlk dəfə aşkar olunduğu 1981-cil ildən bu günədək xəstəlik 20 milyon insanın həyatına son qoyub və 14 milyon uşağı yetim qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə