Tarif dəyişikliyi bu sahədə çalışanların sosial vəziyyətini daha da yaxşılaşdıracaq
Sərnişindaşıma avtobuslarında 10 qəpiklik artım bir sərnişin üçün aylıq 4 manatlıq artım deməkdirsə, bu, ümumilikdə, həmin avtobusları idarə edən sürücülərin əmək haqlarının 50 faiz qaldırılmasına əsas yaradacaq.
Xəbər verildiyi kimi, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də, digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə, məsafədən asılı olaraq, 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Qeyd edək ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər 10 ilə yaxın idi ki, dəyişdirilməmiş qalırdı. Belə ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ildə təsdiq edilib. Bu müddət ərzində, nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. Əlbəttə ki, yeni tarif dəyişiklərindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Çünki hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Ümumiyyətlə, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Yəni marşrut avtobuslarında gediş haqqı tariflərinin artırılması sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə imkan verir ki, onlar istehsalat bazalarını, avtobus parklarını yeniləsinlər, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərsinlər. Bütün bunların olacağı təqdirdə, sərnişindaşıma sektorunda vətəndaşlar daha keyfiyyətli xidmətlə təmin olunacaqlar.
Tarif dəyişikliyi, eyni zamanda, sözügedən sektorda fəliyyət göstərən hüquqi və fiziki şəxsləri təhlükəsizlik və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalarına əsas yaradır. Bundan sonra bütün müntəzəm marşrut xəttləri üzrə daşıyıcılar kartlı ödəniş sisteminə keçidi sürətləndirməlidirlər. Məhz müntəzəm marşrut xəttlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da bu məqsədə xidmət edir.
Tarif dəyişikliyi "Bakı Metropoliteni" QSC-nin də fəaliyyətində keyfiyyət dəyişikliklərinin edilməsini labüdləşdirir. Amma o da qeyd edilməlidir ki, "Bakı Metropoliteni" QSC-də sonuncu tarif dəyişikliyi 2011-ci ilin dekabr ayının 1-də olub. Həmin ilin noyabr ayının 24-də Tarif Şurasının qərarı ilə qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. O dövrdən bu yana "Bakı Metropoliteni" QSC-də heç bir qiymət dəyişikliyi olmayıb.
Əlbəttə ki, budəfəki tarif dəyişikliyi də qiymətlərin çox yüksək olmasına səbəb olmadı. Çünki Azərbaycandakı tarif dəyişikliyindən sonrakı qiymətlər hələ də MDB və region ölkələrdəki qiymərlərdən aşağıdır. Məsələn, avqustun 1-dən etibarən "Bakı Metropoliteni" QSC-də qiymətlər 1 gediş üçün 30 qəpik olsa belə, "Bakı Metropoliteni" QSC postsovet məkanında və yaxın region ölkələri arasında ən ucuz tariflərə malikdir. Belə ki, Kiyevdə bu tarif 41-50 qəpik arasıdır, Daşkənddə 37 qəpikdir. Moskvada isə metronun qiyməti dəfələrlə bahadır. Hətta onu da nəzərə almalıyıq ki, Rusiya metro təchizatı ilə bağlı böyük istehsal gücünə malikdir.
Həmçinin, bir faktı da nəzərə almaq lazımdır ki, "Bakı Metropoliteni" QSC metronun istismarı, tikintisi ilə bağlı bütün əsas təchizatını xarici ölkələrdən xarici valyuta hesabına edir. Yəni bu da məsələlərə obyektiv qiymət vermək üçün bir əsas ola bilər. Lakin bununla belə "Bakı Metropoliteni" QSC-də son illərdə bu asılılığın azadılması istiqamətində müəyyən tədbirlər görülür. İkincisi, sərnişinlərin rahatlığı ilə bağlı işlərdir. "Bakı Metropoliteni" QSC-də son illərdə stansiyaların yenidən qurulması və əsaslı təmir işləri kifayət qədər sürətlə aparılır. Artıq "Bakı Metropoliteni" QSC-də istismar müddəti başa çatdıqca, dəyişdirilən ekskalatorların sayəsində 75-80 faizi müasir tipli ekskalatorlardır. Eyni qayda ilə digər sahələrdə də işlər davam edir. Məsələn, ən ağır mühüm sahələrdən biri vaqonların əsaslı təmir olunaraq yenidən modernləşdirilməsidir. Əvvəllər vaqonlar təmir olunarkən, ölkə xaricinə göndərilirdi. Hazırda "Bakı Metropoliteni" QSC bunları öz daxili hesabına həyata keçirir. Artıq qatarın xarici ölkəyə nəqlini aradan qaldırılıb və yeni kadrlar hazırlanıb.
Göründüyü kimi, son tarif dəyişikliyi əhalinin büdcəsinə zərər vurmadan ictimai nəqliyyat sektonun inkişafına və bu sektorda çalışanların maddi rifah halının daha da yüksəlməsinə səbəb olacaq. Bunu biz adi riyazi məntiqlə də görə bilərik. Məsələn, sərnişindaşıma avtobuslarında 10 qəpiklik artım bir sərnişin üçün aylıq 4 manatlıq artım deməkdirsə, bu, ümumilikdə, həmin avtobusları idarə edən sürücülərin əmək haqlarının 50 faiz qaldırılmasına əsas yaradacaq. Bu vəziyyət metro nəqliyyatına da aiddir. Amma bütün bunların nəticəsində həm avtobus, həm də metro parkı yenilənəcək və sərnişinlərə yüksək keyfiyyətli xidmət göstəriləcək.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB