Baş nazir intihar etmək istəyən şəxsi xilas edib

Baş nazir intihar etmək istəyən şəxsi xilas edib

Bu gün səhər saatlarında Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Koroğlu nəqliyyat qovşağındakı asma körpüdən bir şəxsin özünü atmaq istədiyi barədə məlumat yayılıb. SİA-nın verdiyi məlumata görə, səhər saat 06:30 radələrində polisə və xilasetmə xidmətinə 45-50 yaşlı kişinin körpünün yuxarı hissəsinə dırmaşaraq özünü atmaq istəməsi ilə bağlı məlumat daxil olub.

İki saatdan çox həmin şəxslə özünü atmaması və aşağı enməsi ilə bağlı söhbətlər aparılıb. Hadisə şəhərə girişdə böyük tıxaca da səbəb olub. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac daha çox nəzərə çarpır. Bildirilib ki, tıxac əsasən Heydər ƏLiyev proskektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır.

Bir müddətdən sonra intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

Sonradan məlum olub ki, intihara cəhd edən şəxsi fikrindən Azərbaycanın Baş naziri Novruz Məmmədov daşındırıb. Həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir. Yaşar Əhmədov da müvafiq qurumlarla görüşmək üçün istiqamətləndirilib. Məsələnin yekunu ilə bağlı baş nazirə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə