İşəgötürənlər arasında maarifləndirmə tədbirləri davam edir

İşəgötürənlər arasında maarifləndirmə tədbirləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlər arasında maarifləndirmə tədbirlərini Bakının Xətai rayonunda davam etdirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, xidmətin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisi olan Xətai və Suraxanı rayonlarından işəgötürənlərin iştirak etdiyi seminar "Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları" və "Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularını əhatə edib.

Tədbirdə kollektiv müqavilə və sazişlərin əmək münasibətlərinin tənzimlənməsinin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış etdiyi bildirilib. Kollektiv müqaviləni pozmağa görə müəssisənin vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb edildiyi qeyd olunub. Bu müqavilənin hazırlanması və bağlanması qaydaları, müqaviləyə bir qayda olaraq, hansı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin daxil edildiyi, həmin müqavilənin bir ildən üç ilədək müddətə bağlanıla bildiyi, kollektiv sazişin hazırlanması və bağlanması, məzmunu, qüvvədə olma müddəti, eləcə də mövzu ilə bağlı qanunvericilikdən irəli gələn digər qayda və prinsiplər diqqətə çatdırılıb.

İştirakçıların mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb. Seminarda qeyri-rəsmi məşğulluq hallarının pərakəndə ticarət iqtisadi sahəsində də mövcud olduğu bildirilib. İqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi zərər vuran qeyri-rəsmi əmək münasibətlərinin işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olmalarına səbəb olduğu vurğulanıb. Tədbir iştirakçılarının qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasında fəal iştirak etmələrinin, bu sahədə öz səylərini artırmalarının vacibliyi diqqətə çatdırılıb. Ayrı-ayrı işəgötürənlər də çıxış edərək, müəssisələrində işçilərin əmək hüquqlarının təminatı, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində görülən işləri qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə