Nazirlər Kabineti “2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib
Nazirlər Kabineti "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumat SİA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən verilib. Qərarda qeyd olunur ki, xroniki böyrək çatışmazlığı (XBÇ) hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb ola bilər.
Hazırda dünya əhalisi arasında XBÇ və bu səbəbdən dializ müali-cəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan 13-ü regionlarda, 7-si Bakı şəhərində) 1500-dən çox xəstə dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması, ilə yanaşı, eyni zamanda, dializ alan xəstələrin sayı hər il 21-25% artmaqdadır.
Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Respublika Klinik Uroloji Xəstəxanasının nəzdində yaradılan Böyrək-köçürmə Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar qarşıdakı illərdə böyrək köçürülməsi əməliyyatı olan xəstələrin sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat dövründə, həm də əməliyyatdan sonrakı dövrdə böyük maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.
Bu tədbirlər proqramı nefroloji yardımın daha da təkmilləş-dirilməsinə, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib. Eyni zamanda tədbirlər proqramının məqsəd və vəzifələri, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, respublikada böyrəkköçürmə əməliyyatlarının təşkili də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB