Yenə də silah krediti TƏHLİL

İanələr hesabına yaşayan Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməsə qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha göstərəcək

Aydın məsələdir ki, Ermənistan peyda olduğu gündən oğurluq, ona-buna əllərini uzadaraq, dilənçilik etməklə yaşayıb. Dilənçilik edən Ermənistanın hər il Rusiyadan silah alması artıq bu ölkənin dövlət kimi dövlət olmadığını göstərir. Doğrudur, hər bir sivil ölkə kimi Azərbaycan da güclü ordusu ilə fərqlənir. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Ordu quruculuğu Azərbaycan dövləti üçün prioritet məsələdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda hərbi xərclər Ermənistanın, ümumilikdə, dövlət büdcəsindən 3 dəfə çoxdur. Məhz hərbi büdcəyə dövlətin diqqətinin nəticəsidir ki, Azərbaycan xaricdən güclü hərbi texntka almaqla yanaşı, eyni zamanda, bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 700 adda hərbi məhsul istehsal edilir. Sadalanan faktları, Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Belə ki, bu, dünya ölkələrinin ordularının reytinqi ilə bağlı "Global Firepower" təşkilatının açıqladığı siyahıda 106 ölkə arasında Azərbaycan 50-ci yer alıb.

Ancaq bu gün Ermənistanın müdafiə naziri David Tonoyan həyasızcasına "bəlkə heç Rusiya ordusunun özündə də belə silahlar olmayıb" deməsi gülüş doğurmaya bilmir. Tonoyan, həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Sual olunur: Nikol Paşinyan kimi küçə demokratının savadsız siyasəti iləmi? Atalar demişkən, başçısı gülüm olanın başına külüm olar.

"Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" Meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək"

İyunun 26-da Azərbaycanın şanlı Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə bağlı "Azadlıq" Meydanında keçirdiyi möhtəşəm hərbi paradda Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev bildirib ki, bu, işğalçı Ermənistana verilən sərt mesajlar idi ki, bu da həmin ölkədə ciddi ajiotajların yaranmasına səbəb oldu. Xüsusilə, baş nazir Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasını çağırması, cəbhə boyu, xüsusilə, Naxçıvanda Azərbaycan Ordusunun fəallığını və nailiyyətlər qazandığını etiraf etməsi verilən mesajların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Keçirilən parad, bir daha sübut etdi ki, qüdrətli Ordumuz dünya orduları içində ən müasir silahlara malik olan, eləcə də, hərbi sənayesi inkişaf edən bir çox üstünlüklərə malikdir.

Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin, zəfərlərin arxasında xalq-dövlət birliyi dayanmaqdadır

Təbii ki, Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin, zəfərlərin arxasında xalq-dövlət birliyi dayanmaqdadır. Bu amil, məhz xalq-dövlət sarsılmaz birliyinin gerçəkliyi olaraq dəyərləndirilməkdədir. Bundan ruhlanan Ordumuz, hərbçilərimiz də hər an işğalçı düşmənə layiqli ibrət dərsi verəcəyini əməli şəkildə sübuta yetirmiş olur. Prezident İlham Əliyev hərbi paraddakı nitqində də bu amilə toxunaraq vurğulayıb ki, biz elə bir güclü Ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.

Bəli, Ermənistan bu reallıqdan, bu gerçəklikdən ciddi şəkildə təlaş keçirməkdədir və işğalçı ölkənin hərbi ekspertləri, politoloqları və müxtəlif araşdırmaçıları həyəcan təbillərini döyməyə başlayıblar. Çünki Azərbaycanın dövlət başçısının - Prezident İlham Əliyev Cənablarının "Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək" kəlamı Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajı idi.

Ekspertlər Ermənistan Müdafiə Nazirini savadsız hesab edir

Siyasi ekspertlər bildirir ki, Rusiya Ermənistan və Azərbaycanla əlaqələrini balanslaşdırır. Siyasi ekspert Aleksandr Qols bildirib ki, Rusiya kommersiya şərtləri ilə Azərbaycana silah satır: "Doğrudur, Ermənistanın silah alması üçün ona kredit verir. Ancaq Rusiyanın Ermənistana güclü silah verməsi isə şübhə altındadır. Çünki Rusiyanın siyasi və ya başqa məqsədlər üçün güclü raketləri Ermənistana verəcəyinə inanmıram".

Aleksandr Qols əlavə edib ki, Ermənistan Moskva üçün mühüm müttəfiqdir və Rusiya regionda güc balansını dəstəkləyir. "Həm də Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öz öhdəliklərini yerinə yetirir".

O, Rusiyanın Azərbaycanla Ermənistana fərqli meyarlarla silah satdığını da diqqətə çatdırıb: "Rusiya Ermənistan kredit verir ki, o, Rusiya pulu ilə rus silahına yiyələnsin. Bu kreditin geri qaytarılması isə uzaq perspektivə hesablanıb. Azərbaycanla isə silah satışı təmiz işgüzar əlaqələrə, biznes maraqlarına söykənir. Belə oldan halda, Ermənistanın müdafiə naziri David Tonoyanın həyasızlığı nəyə hesablınır? Bir də, erməni xalqı artıq gec də olsa, hər şeyi aydın görür. Görürük ki, Rusiya-Ermənistan münasibətlərində soyuqluq Paşinyanın hakimiyyətə gəlməsindən sonra artmaqdadır. Bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsi güclənməkdədir".

Musa Qasımlı: "Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin gərginləşməsinə yönəlib"

Milli Məclisin deputatı Musa Qasımlı sözügedən məsələyə münasibət bildirərkən vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır: "Bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib. Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb və işğalçı ölkə də bu krediti Ermənistana 20 il müddətinə verilməsi imzalanıb. Təcavüzkar və işğalçı Ermənistanı növbəti dəfə silahlandırması da Azərbaycan cəmiyyətinin narahatlığına səbəb olmalıdır. Eyni zamanda, Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin və vəziyyətin daha da gərginləşməsinə yönəlib. Bu addım həm də Azərbaycanla Rusiya arasında münasibətlərin, əməkdaşlığın bugünkü vəziyyətinə və səviyyəsinə uyğun və adekvat deyil. Eyni zamanda, Rusiya Azərbaycanın ən yaxın qonşusu, əksər məsələlərdə və sahələrdə isə ən yaxın tərəfdaşıdır. Ona görə də, bu ölkənin belə bir addım atması heç cür doğru və qəbuledilən deyil". Həmsədr dövlət olan Rusiya reginonda, bölgədə münaqişənin alovlandırılmasına, təcavüzkarın yenidən təcavüzə və işğala stimullaşdırılmasına xidmət edə biləcək addımlardan geri çəkilməlidir".

Ona görə də, ianələr hesabına yaşayan işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə