Dövlət qulluğuna qəbul üzrə test imtahanında 489 nəfər uğur əldə edib

Dövlət qulluğuna qəbul üzrə test imtahanında 489 nəfər uğur əldə edib

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 iyun 2018-ci il tarixdə keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş namizədlərin ixtisasları üzrə statistik məlumatı açıqlayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, inzibati icraçı vəzifələr (B növü) üzrə 30 iyun 2018-ci il tarixdə keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1228 namizəddən 489 nəfər (39,8%) uğur əldə edib.

İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35,8%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14,2%).

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1,2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə