Tale Heydərov: “Azərbaycan diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür”

Tale Heydərov: “Azərbaycan diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür”
"Avropa Azərbaycan Cəmiyyəti London, Berlin, Brüssel və Bakıda ofisləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır". SİA-nın xəbərinə görə, bu barədə Dünya Azərbaycanlı Gənclərin I Konqresində çıxışı zamanı Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov deyib. O bildirib ki, siyasi aspektdən tanıtma deyəndə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tutulur: "Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində "100 suala cavab" kitabı nəşr olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanıb".

T.Heydərov qeyd edib ki, cəmiyyət yalnız Rusiya arxivlərində saxlanılan sənədlər əsasında hazırlanmış ermənilərin Qafqaza, o cümlədən hazırkı Ermənistana köçürülməsi haqqında faktlar və məlumatlardan ibarət 3 cildlik yeni kitabı çapa hazırlayır. Kitabın rus variantı artıq hazır olduğunu deyən cəmiyyət sədri vurğulayıb ki, kitabın Azərbaycan və ingilis dili versiyaları isə hazırlanır və bu kitab bütün dünyada yayılacaq.

AAC-nin sədrinin sözlərinə görə, Azərbaycan və ayrıca olaraq Xocalı soyqırımı haqqında filmlər hazırlanır və gələn ilin əvvəllərində həmin filmlər Avropanın müxtəlif telekanallarında nümayiş etdiriləcək. O, Britaniya parlamentində "Azərbaycanın mühafizəkarlar dostu" qrupunun yaradılması barədə də məlumat verib və əlavə edib ki, Xocalı qətliamının tanınması üçün təkcə bu il parlamentdə 30-dan çox imza toplanıb. T.Heydərov qeyd edib ki, Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən güclüdür və ermənilər özləri də bunu etiraf edirlər. AAC sədri onu da deyib ki, qurum siyasətçilərin və deputatların Azərbaycana səfərlərini təşkil edərək ölkəmizin tanıdılması məqsədilə layihələr həyata keçirir. T.Heydərov həmçinin lobbiçilik işində "online" kampanilayarın əhəmiyyətindən də danışıb və AAC-nin bu kampaniyalardan uğurla istifadə etdiyini bildirib. Onun fikrincə, dünyada yaşayan soydaşlarımızı, azərbaycanlı gəncləri məhz bu cür kampaniyalara səfərbər etmək lazımdır. O deyib ki, AAC Avropadakı digər diaspor təşkilatları və gənclərdən ibarət qurumlarla əməkdaşlığa və birgə layihələr həyata keçirməyə həmişə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə