"Dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd iflasa uğrayacaq" MÖVQE-ÖZƏL

"Dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd iflasa uğrayacaq" MÖVQE-ÖZƏL

"Müstəqil xarici və daxili siyasət yürüdən Azərbaycanın uğurlarını görməmək və buna sevinməmək bir azərbaycanlı olaraq qeyri-mümkündür. Ölkəmiz sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun liderinə çevrilib. Bu, şübhəsizdir. Bununla yanaşı, Azərbaycan dünyada həm də davamlı ictimai-siyasi sabitliyin bərqərar olduğu dövlətlərdən biri kimi tanınır. Təbii ki bu uğurların fonunda Azərbaycanın inkişafından, güclənməsindən narahat olan qüvvələr də var və onlar istənilən anda öz məkrli xislətlərini və eybəcər əməllərini büruzə verməyə can atırlar". Bu fikirləri SİA-ya açıqlamasında Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan, ölkənin ictimai-siyasi, mədəni həyatında müstəsna rol oynayan Gəncə şəhərində son günlər baş verən hadisələr məqsədli şəkildə dövlətçiliyimizə, müstəqilliyimizə vurulan zərbədir: "Təsadüfi deyil ki, bu terror hadisəsindən sonra ölkəmizə qarşı düşmən mövqedə olan daxili və xarici qüvvələr vahid mövqedən çıxış edərək cəmiyyətdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etməyə başlayıb. Bütün gənclər kimi mən də dövlət rəsmisinə, hüquq-mühafizə orqanlarının məsul şəxslərinə qarşı törədilmiş terror aktını kəskin şəkildə pisləyirəm. Vətəndaş cəmiyyətinin təmsilçisi olaraq, hər zamankı kimi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan bütün qüvvələrin qarşısında, dövlətçiliyimizin isə keşiyində olduğumu bəyan edirəm".

V.Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşlarının çətin anlarda öz dövlət başçısının yanında olması, onu dəstəkləməsi bir daha xalq-iqtidar birliyinin bariz göstərici oldu: "Şübhə etmirəm ki, müstəqilliyimizə, dövlətçiliyimizin əsaslarını sarsıtmağa yönələn hər bir cəhd həmişə olduğu kimi, iqtidarla xalqın sarsılmaz birliyi nəticəsində iflasa uğrayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə