Dünya Azərbaycanlı Gəncləri Birliyi təsis ediləcək-FOTOSESSİYA

Dünya Azərbaycanlı Gəncləri Birliyi təsis ediləcək-FOTOSESSİYA
Almaniyanın Frankfurt şəhərində keçirilən "The Westin Grand" otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi başa çatıb. SİA-nın xəbərinə görə, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.

Tədbirin ikinci günü "Virtual həftə sonu məktəbi"nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib.

"Virtual həftə sonu məktəbi" barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb. Layihənin geniş təqdimatından sonra suallar verilib və təkliflər səsləndirilib. Çıxış edənlər gələcəkdə "Virtual Həftəsonu Məktəbi"ndə uşaq nağılları, mahnılarının səsli və görüntülü şəkildə yerləşdirilməsi, bu portalın linkinin diaspor təşkilatlarının internet saytlarında yer alması və digər maraqlı təkliflər irəlü sürüblər.

Konqresin işi Dünya Türk Gəncləri Birliyinin sədri, millət vəkili Əkrəm Abdullayevin aparıcılıq etdiyi "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası" adlı üçüncü və "İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" adlı 4-cü panellərlə davam edib. İlk olaraq Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov bu mövzuda çıxış edib. Səfir bildirib ki, müxtəlif ölkələrdəki azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası ən aktual məsələdir. Onlar Sovetlər Birliyi dağıldıqdan sonra, ölkəmizin müstəqilliyinin ilk illərində müxtəlif səbəblərdən digər dövlətlərə miqrasiya ediblər. Bu səbəbdən də onların yaşadıqları cəmiyyətə tam mənada interqrasuyasına hələ zaman lazımdır. Səfir Emin Eyyubov gənclərə tövsiyyə edib ki, təhsil aldıqları və yaşadıqları dövlətlərdə təmasda olduqları insalarla ünsiyyət zamanı dərhal Azərbaycanın qlobal problemlərindən danışmasınlar, çünki avropalılar sakit və sabit həyata alışdıqları üçün problemlərdən uzaq durmaq istəyirlər: "Bunun üçün də ilk olaraq onlarla dostlaşmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxindən danışmaq, evlərinizə qonaq dəvət etməlisiniz və bu cür yaranan ünsiyyət əsnasında da tədricən onların diqqətini ölkəmizin problemlərinə yönəltməlisiniz". Emin Eyyubovun sözlərinə görə, ermənilər məhz bu yolla öz problemlərini yaşadıqları cəmiyyətin probleminə çevirə biliblər. Səfir gənclərə arzu edib ki, onlar savadlı və fəal insanlara çevrilsinlər və bu yolla milli problemlərimizin həllinə yaşadıqları cəmiyyətin diqqətini çəkə və bu problemlərin həllinə onların dəstəyini qazana bilsinlər.

Daha sonra Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının sədri Ziya Qazıyev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası sahəsində problemlər və onların həlli yolları", Almaniyanın Höttinqen Universitetinin doktorantı Vüsal Məmmədov "Xaricdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı", Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov "Azərbaycanlı gənclər təşkilatlarının insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və inkişaf etdirilməsi perspektivləri", BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev "Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarının yerli ictimai və dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqələri", Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev "Vətəndaş cəmiyyətinin formalaşdırılmasında gənclər təşkilatlarının rolu" barədə çıxışlar səsləndiriblər. mövzularında məruzələrlə çıxış ediblər.

Sonra Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundov xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin lobbi quruculuğu prosesində iştirakı barədə çıxış edib. Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Böyük Britaniyadakı "Sara Xatun" Cəmiyyətiib sədri Simuzər Baloğlanova, Hyuston-Baki Qardaşlaşmış Şəhərlər Assosiasiyasının sədri İradə Axundova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Avropa Azərbaycanları Konqresinin prezidenti Başar Kömür və digər diaspor təşkilatlarının rəhbərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrdən sonra tədbirin yekun sənədləri qəbul edilib. Əvvəlcə Dünya Azərbaycanlı Gənclərinin I Konqresi qətnaməsi oxunub və təkliflər nəzərə alınmaqla qəbul edilib. Qətnamədə deyilir: "Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Ilham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir". Sənəddə daha sonra bildirilir ki, Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açılıb. Azərbaycan gəncliyi bu gün hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bu gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, özünə inamının artmasına gələcəyə daha optimist nəzərlərlə baxmasına stimul yaradır. Dövlətin diqqət və qayğısı, dərin ictimai etimad, milli mənlik şüurunun inkişafı azərbaycanlı gəncləri ümummilli problemlərin həllində daha fəal iştiraka sövq edən əsas amillərdir.

Qətnamədə o da bildirilir ki, bu gün Azərbaycan gəncliyinin qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın bu təcavüz nəticəsində öz yurd-yuvalarından didərgin salınması və xalqımızın məruz qaldığı soyqırım aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, XX əsrin ən dəhşətli bəşəri cinayətlərindən biri kimi tarixin yaddaşına həkk olunmuş Xocalı soyqırımı müəlliflərinin ifşa olunması prosesində gənclərin iştirakı olduqca vacibdir. Qətnaməyə görə Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycan Respublikasının ötən dövr ərzində əldə etdiyi iqtisadi, siyasi, habelə diplomatik nailiyyətləri yüksək qiymətləndirərək, Azərbaycanlı gəncləri narahat edən bir sıra ümummilli məsələləri müzakirə edərək, Azərbaycanın qaşılaşdığı bir sıra problemlərin həllində gənclərin üzərinə düşən vəzifələrin məsuliyyətini, milli dövlət quruculuğu prosesində rolunun əhəmiyyətini dərk edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə dünya ictimaiyyətinin daha dolğun və obyektiv məlumatlandırılmasının zəruriliyini anlayaraq, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin önəmini başa düşərək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işində daha fəal iştirakı, milli-mənəvi dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, yerli cəmiyyətə inteqrasiyasının vacibliyini nəzərə alaraq qərara alır ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatları ilə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis olunmuş qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər gücləndirilsin, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Azərbaycan Respublikasının elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilsin, beynəlxalq aləmdə ümumi maraqlardan irəli gələn fəaliyyətin genişləndirilməsi məqsədlə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilsin, müxtəlif ölkələrin yerli gənclər təşkilatları ilə işbirliyi dərinləşdirilsin. Sənəd həmçinin xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin problemlərinin həllində səylərin birləşdirilməsini, yüksək nəticələr əldə etmiş gənclərə həvəsləndirici mükafatların verilməsini nəzərdə tutur. 1915-ci il hadisələri ilə bağlı ermənilərin saxta soyqırım iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi də konqresin qətnaməsinə daxil edilib. Qətnamənin daha bir bəndinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktları barədə beynəlxalq təbliğat kampaniyalarının təşkili istiqamətində səylər birləşdiriləcək. Sənəddə Islam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi "Xocalıya ədalət – Qarabağa azadlıq" beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, bəzi ölkələrdə miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar azərbaycanlı miqrantlar arasında maarifləndirmə işinin genişləndirilməsi, digər xalqların diasporları ilə məsləhətləşmələr əsasında bu dəyişikliklərin miqrantlar üçün yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, ana dilini mənimsəməsi, gənc istedadların öz potensialını reallaşdırılmasına dəstək verilməsi məqsədilə layihələrin həyata keçirilməsi, xarici ölkə vətəndaşları tərəfindən qəyyumluğa götürülmüş azərbaycanlı uşaqlarla əlaqələrin qurulması, onlarla mütəmadi görüşlərin təşkil edilməsi kimi müddəalar da əksini tapıb.

Qətnaməyə görə, Dünya Azərbaycanlı Gəncləri I Konqresi Niderland Krallığının Den Haaqa şəhərində keçirilşb, Azərbaycan dövləti əleyhinə, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş aksiyanı qətiyyətlə pisləyir, bu cür təşəbbüsləri separatçılıq və bölücülük cəhdi kimi qiymətləndirir, bütün soydaşlarımızı belə qüvvələrə qarşı mübarizə aparmağa çağırır.

Yekun sənədə görə Dünya Azərbaycanlı Gənclərinin Konqresləri üç ildən bir keçiriləcək və II Konqresin Moskva şəhərində keçirilməsi məqsədəuyğun hesab edilir. Qətnamə Azərbaycanlı gənclər təşkilatlarının diaspor quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği istiqamətində fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasını dəstəkləyir.

Beləliklə, Konqresin qətnaməsinə əsasən sonda Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar Təşəbbüs qrupu yaradılıb. Sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Tədbirin daha bir yekun sənədi olaraq Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə