Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da genişlənir ŞƏRH

Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti daha da genişlənir ŞƏRH

Dövlət başçısının Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılacaq

Dünyaya səpələnmiş azərbaycanlıların birliyi və həmrəyliyi istiqamətində dövlət tərəfindən görülən işlərin məntiqi nəticəsi olaraq, bu gün Azərbaycan diasporu daha yüksək tarixi inkişaf mərhələsini yaşayır. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb. Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılacaq.

Məlumdur ki, ölkədə lobbiçilik fəaliyyətinin əsas istiqamət və perspektivlərini dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına hər zaman böyük həssaslıqla yanaşmışdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkə həyatının bütün sahələrində olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Belə ki, Ümummilli Lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Müstəqillik dövründə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulmuş, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına zəmin yaratmışdır. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilmiş, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılmışdır.

Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlamış, tarixi Vətənlə əlaqələrini itirməmişlər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız da ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar. Bu köməyin səmərəli olması, məhz həmvətənlərimizin möhkəm birliyi, mütəşəkkilliyi və yaxşı təşkilatlanması sayəsində mümkündür. Ona görə də, Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılacaq Azərbaycan Diasporuna Dəstək Fondu ölkəmizdə həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafelərinin müdafiəsinə, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qorumasına, daha da inkişaf etdirilməsinə və tanıtmasına töhfələrini vermiş olacaq. Eyni zamanda, Fond milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərəcək. Bu və ya digər məsələlərə dəstək olacaq fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək kimi məqsədləri təmin edəcəkdir. Fondun Nizamnaməsində, qeyd olunduğu kimi, öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Ölkəmizdə həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan azərbaycanlıları, habelə, Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaq kimi vəzifələri həyata keçmirməyi qarşıya qoyulub. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsinə maddi yardım göstərmək də əsas məsələ kimi yer alıb. Xaricdə yaşayan azərbaycanlıları ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycan iqtisadiyyatına investisiya qoymalarını və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını təmin etmək məqsədilə təbliğat-təşviqat işlərinin aparılmasına maddi yardım göstərmək, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, fiziki və hüquqi şəxslərə dəstək göstərmək və s. fondun vəzifə və hüquqları sırasında yer alıb.

Fond tərəfindən xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil almalarına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmalarına maddi yardım da göstəriləcək.

Azərbaycan Diasporuna Dəstək Fondu dünya ictimaiyyətinə respublikamız haqqında tam obyektiv, dolğun informasiya verilməsində, ölkəmizin beynəlxalq aləmdə təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayaraq, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə daha geniş imkanlar yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə