"Həmin şəxslər özlərinin xislətini və əsil mahiyyətini ortaya qoyur" MÖVQE

"Həmin şəxslər özlərinin xislətini və əsil mahiyyətini ortaya qoyur" MÖVQE

“Çox təəssüf ki, Gəncədə baş verən həmin hadisənin fonunda bizim rast gəldiyimiz ən xoşagəlməz təzahürlərdən biri ayrı-ayrı sosial şəbəkə istifadəçiləri, müəyyən internet resursları tərəfindən vətəndaşlara açıq şəkildə bizim dövlətçiliyimizin əsaslarını sarsıda bilən, dövlətçiliyimiz üçün təhlükəli olan, ölkədə sabitliyi və vətəndaş həmrəyliyini poza bilən çağırışlar çox səxavətlə paylaşılmağa başlandı”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, özünün mənsub olduğu xalqın və dövlətin ağrı günlərini rəva görmək üçün insan nə dərəcə vətənpərvərlik və vətəndaşlıq hislərindən uzaq düşməlidir ki, bu hərəkətləri edə bilsin: “İnsan dəhşətə gəlir. Təbii ki belə çağırışların ölkədə ayaq tutması və reallaşması və çağırışlara uyğun olan vəziyyətin yaranması qeyri-mümkündür. Çünki, ölkədə sabitlik, əmin-amanlıq möhkəm şəkildə mühafizə olunur, cəmiyyətin buna dəstəyi var, xalq sabitliyə bir dəyər kimi baxır. Bu çağırışların real olaraq bir nəticəsi ola bilməz”.

A. Quliyev bildirib ki, həmin şəxslər özlərinin xislətini və əsil mahiyyətini ortaya qoyur və əsil vətən dövlətçilik sevgisindən nə qədər uzaq olduqlarını bir daha nümayiş etdirirlər: “Əlbəttə biz indiyədək bu cür insanlara qarşı hər zaman nəsihət mövqeyindən çıxış etmişik. Amma görünür ki, buna paralel olaraq başqa addımların atılmasına ehtiyac var. Misal üçün bu cür şəxslərə nəsihətlə yanaşı, Azərbaycan qanunvericiliyinin reallıqlara, indiki çağırışlara uyğunlaşdırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin bu çağırışlara rəğmən daha da sərtləşdirilməsi ilə bağlı düşünmək lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə