Azərbaycan İnternet Forumunun prezidenti: “Son 2-3 ildə internet qiymətləri 10 dəfəyədək aşağı düşüb” - AÇIQLAMA

"Azərbaycanda internetin qiyməti ilə bağlı heç bir problem yoxdur". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

 

Son 2-3 ildə internet qiymətlərinin 10 dəfəyədək aşağı düşdüyünü deyən AİF prezidenti 2008-ci ilin qiymətləri ilə indiki qiymətləri müqayisə edib. O, hal-hazırda əsas problemin internetin qiymətində deyil, onun sürətində olduğunu bildirib: "2008-ci ilin yanvarında internetin bir megabiti 700 dollar, yəni 560 manat idi. İndi isə 20 manatdır. Problem isə ondadır ki, əhali 20 manata görə, ödənilməli olan sürəti, həcmi ala bilmir. Bunun isə iki səbəbi var. Birinci səbəb provayderlərin açıq şəkildə sürətdə oğurluq etməsidir. Hesab edək ki, bazardan aldığın almanın çəkisində satıcı oğurluq edir. İkincisi isə odur ki, internetin ötürüldüyü telefon kabelləri keyfiyyətsizdir. Bunun da günahı birbaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir. Problem infrastruktur problemidir. Xəttiniz calaqdırsa, suyun, kanalizasiyanın içindən keçirsə təbbi ki, sürət, çəki də yolda itir. Bu iki səbəbdən vətəndaş puluna müvafiq sürəti ala bilmir. Biz bununla bağlı müəyyən təkliflər irəli sürürük, müzakirələr aparırıq. Hər-halda düşünürəm ki, tendensiya yaxşılığa doğru gedir. Bu yaxınlarda "Delta Telekom" şirkəti internet provayderlərə satdığı internetin qiymətini yenə salıb. Bunu onun üçün etdi ki, provayderlər də qiyməti salsın, keyfiyyəti düzəltsin. Ondan sonra apardığımız monitorinqin nəticələri göstərdi ki, vəziyyət hələ də ürəkaçan deyil. "Delta Telekom" şirkəti qiyməti salandan sonra provayderlər keyfiyyəti yaxşılaşdırmayıblar".

 

O.Gündüzün sözlərinə görə, ən keyfiyyətsiz internet xidmətini Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən "Bakinternet" provayderi göstərir: "Hal-hazırda ən kritik vəziyyət onlardadır. Birinci növbədə bu provarderdə qayda-qanun yaratmaq lazımdır. Fikrimizə görə, dövlət provayder özləri internetin inkişafına maneə törədən amillərdən biridir. Bu provayderlər özəlləşdirilməlidir. Bu provayderlərlə başqalarının start vəziyyəti arasında kəskin fərq var. Sən özün "Bakinternet"ə müraciət etsən 10 dədiqəyə müraciətin həll olunur. Mən müraciət etsəm isə bu 10 gün vaxt çəkəcək. Özəl provayder "ATS"dən istifadə etməlidir, "ATS" isə dövlətin əlindədir".

 

Ölkə əhalisinin internetdən istifadə səviyyəsinə gəlincə, O.Gündüz hesab edir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyətə yanlış informasiyalar verir: "Nazirlik cəmiyyətə, o cümlədən hökumətə və prezidentə bununla bağlı yanlış informasiyalar verir. Statistika Komitəsinin rəqəmləri əsas sayılır. Komitənin rəqəmlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayı 27 faizdir. Rabitə Nazirliyi isə deyir ki, bu 44-45 faizdir. Biz də hesab edirik ki, Statistika Komitəsinin dediyi düzdür. Kimsə mobil telefondan internetə girirsə, Rabitə Nazirliyi onu da siyahıya alır. Bu 27 faiz adi internet istifadəçiləridir. Geniş zolaqlı, sürətli internet istifadəçilərin sayı isə lap biabırçı rəqəmlərlə ifadə olunur. Azərbaycanda bu təxminən 2-3 faizdir. Rabitə Nazirliyi isə elan edir ki, 12 faizdir".

 

Azərbaycanda internet qiymətinin xarici ölkələrlə müqayisədə hələ də yüksək olduğunu deyən AİF-nin prezidenti bununla belə hesab edir ki, ölkə reallığı baxımından bu qiyməti normal hesab etmək olar: "Bir şərtlə ki, verilən pula qarşılıq ödənilməli olan çəkini versinlər. Bir kilo deyil, yarım kilo verirlərsə, deməli internetin qiyməti 20 manat deyil, 40 manat təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə