Gəncənin xarabalıqlarında antik dövrə aid bəzək məmulatları və məişət əşyaları aşkar edilib- Tarix
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları qədim Gəncənin xarabalıqlarında qazıntılar apararkən burada şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkar ediblər.
İnstitutun şöbə müdiri, Gəncə arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Arif Məmmədovun SİA-ya verdiyi məlumata görə, ərazidə aşkar edilmiş16 sikkə Makedoniyalı İsgəndərin adına kəsilmiş pulların oxşarıdır.
Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə, buranın ən qədim insan məskəni olduğunu söyləməyə əsas verir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı antik Gəncənin yerləşdiyi ərazi də aşkar edilib. Bu maddi sübutlar qədim Gəncənin antik dövrdə mövcud olduğunu bir daha təsdiqləyir.
Müəyyənləşdirilib ki, qədim şəhər İmamzadə kompleksindən indiki şəhərə tərəf Gəncə çayının sağ sahilində yerləşib.
Qeyd edək ki, ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən torpağın üst təbəqəsinin materiallarıdır və əldə edilən hər bir əşya tədqiqat üçün ekspertizaya təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə