Prezident İlham Əliyev: "Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək"
Məlum olduğu kimi, iyulun 3-də Mingəçevirdə yerləşən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus "Azərbaycan İstilik-Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş verən qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı. Ölkəmizin başçısının tapşırığına uyğun olaraq, müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılması istiqmətində ciddi addımlar atdılar. Görüləş operativ işlərin sayəsində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı qısa müddətdə alındı. Belə ki, Bakı şəhəri də daxil olmaqla, respublikamızın regionlarına elektrik enerjisinin verilməsi təmin olundu. Ən sevindirici hal isə, o oldu ki, tədbirlərin nəticəsində insan tələfatına yol verilmədi. Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə apardı. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər daxili işlər orqanları çox operativ şəkildə fəaliyyət göstərdilər. İlk növbədə, asayişin və birinci dərəcəli strateji obyektlərin qorunub-saxlanması məsələləri diqqətə alındı, ictimai nəqliyyatın tənzimlənməsində heç bir problem yaşanmadı.
Göründüyü kimi, Azərbaycan dövləti və cəmiyyətimiz bu çətin sınaqdan şərəflə çıxdı, dağıdıcı müxalifətin, satqınların niyyətlərini puç etdi, arzularını gözündə qoydu. Vətəndaşlarımız böyük məsuliyyət, əsl vətəndaşlıq qeyrəti və həmrəyliyi ilə öz dövlətinin yanında durdular. Məhz buna görə də, iyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlətimizin başçısı bu məsələ ilə bağlı göstərdikləri dəstəyə, anlayışa və həmrəyliyə görə bütün vətəndaşlarımıza təşəkkür etdi.
Ölkəmizin başçısı son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu, bu sahədə ciddi uğurlar əldə edildiyini, ancaq qısa zaman kəsiyində iki dəfə baş verən və bütün ölkənin elektrik təchizatına mənfi təsir göstərən bu ağır qəzanın çox ciddi araşdırılmalı olduğunu bildirdi: "Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir-Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su-elektrik stansiyaları yaradılmışdır. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu".
Bəllidir ki, hər bir ölkə istənilən vaxt təbii fəlakətlə, fövqəladə hallarla və ağır qəzalarla üz-üzə qala bilər. Müşavirədə bunları vurğulayan ölkəmizin başçısı respublikamızın enerji sistemində son günlər baş verənlərin ciddi araşdıralacağını və günahkarların ciddi şəkildə cəzalandırılacağını bildirdi: "Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək".
Dövlətimizin başçısı aidiyyəti qurumlara ciddi tapşırıqlar verərək onu da bildirdi ki, əlavə tədbirlər görülməlidir ki, əgər gələcəkdə hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın: "Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər, o cümlədən, beynəlxalq auditin cəlb edilməsi məsələsi salınmalıdır. Mingəçevirdəki İstilik-Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır".
Ölkə başçısı strateji obyektlərdə, xüsusilə də, xəstəxanalarda və metroda generatorların quraşdırılması barədə ciddi tapşırıqlar verdi: "İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Metropolitendə generatorların olmaması çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər".
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB