Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə "Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar" mövzusunda beynəlxalq konfrans bu gün işini davam etdirib. SİA-nın məlumatına görə, noyabrın 25-də başlayan konfransın ikinci günündə birinci günün sessiyalarının nəticələri müzakirə olunub.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev beynəlxalq konfransın Azərbaycanda vətəndaş cəmiyyətinin davamlı inkişafı, QHT-lərin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması, eləcə də qəbul olunması gözlənilən "Bakı Bəyannaməsi"nin vacibliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Konfransın birinci günündə "Vətəndaş cəmiyyətinin inkişafında QHT-hökumət əməkdaşlığı", "İqtisadi və sosial sahələrdə ehtiyac duyulan xidmətlərin göstərilməsinə QHT-nin dövlət tərəfindən cəlb olunması" və "Vətəndaş cəmiyyətinin inkişafı naminə beynəlxalq tərəfdaşlıq" mövzularında sessiyalarının keçirildiyini deyən şura sədri bildirib ki, bu sessiyalar beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. A.Quliyev sessiyalarda səslənən təklif və fikirlərin gələcək əməkdaşlıq üçün də faydalı olacağını vurğulayıb. O, qeyd edib ki, konfransın məqsədi vətəndaş cəmiyyətinin inkişafına çalışan hökumət, QHT və beynəlxalq donor təşkilatlarla birgə QHT sektorunun inkişafı ilə bağlı nəzəri və praktiki məsələlərin müzakirə edilməsi, qabaqcıl ölkələrdə QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsinin öyrənilməsi və yayılmasından ibarətdir.
Daha sonra dünən keçirilən sessiyaların moderatorları sessiyaların nəticələri ilə bağlı məlumat verib. Qeyd olunub ki, sessiyalarda iştirak edən xarici ölkə nümayəndələri təmsil etdiyi ölkələrin QHT təcrübəsi ilə bağlı məlumat veriblər. Xarici qonaqların öz ölkələrində QHT-hökumət əməkdaşlığı, QHT-lərin maliyyələşməsi ilə bağlı məqamlara aydınlıq gətirdiyi diqqətə çatdırılıb.
Konfransın sonunda "Bakı bəyannaməsi" qəbul olunub. Bəyannamə iştirakçıları vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şəraitin yaradılması üçün hüquqi bazanın təkmilləşdirilməsində regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, QHT-lərə dəstək verən dövlət qurumlarının və Fondların təcrübəsinin öyrənilməsi, qarşılıqlı informasiya və təcrübə mübadiləsi məqsədilə onların beynəlxalq əməkdaşlıq şəbəkəsinin yaradılması, sosial tərəfdaşlıq məsələlərində QHT-özəl sektor münasibətlərinin təşviq olunması, region və beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakçılığın təmin olunması ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, konfransda 25 ölkənin təmsilçiləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, yerli hökumət nümayəndələri və bir sıra tanınmış QHT-lərin rəhbərləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB