Hadı Rəcəbli: "Azərbaycanda ən möhtəşəm, təşkilatlanmış, strukturlaşmış, sistemlənmiş partiya YAP-dır"- Açıqlama
Müstəqil, demokratik, azad Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər sayəsində budəfəki 7 noyabr parlament seçkiləri də çox mütəşəkkil, düşünülmüş və obyektiv şəkildə keçirildi. Namizədlər üçün bərabər şəraitin yaradılması və seçicilərlə görüş keçirmək üçün əvvəlcədən müvafiq yerlərin müəyyənləşdirilməsi seçkilərin uğurlu təşkilinə böyük yardım göstərdi.
Parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli SİA-ya açıqlamasında qeyd etdi ki, ölkəmizdə keçirilən seçkilərdə saxtakarlığın olmadığını, seçkilərin demokratik ab-havada keçirildiyini qanun pozuntusunun olmadığını beynəlxalq müşahidəçilər də öz fikirlərində bildirdilər: "Bu gün Azərbaycanın siyasi mühitində elə bir şərait yaranıb ki, insanların siyasi mədəniyyəti yüksəlib. Siyasi mədəniyyətin yüksəlməsi isə, seçkilərin yüksək seçici fəallığı ilə keçməsinə təkan olub. Parlament seçkiləri Azərbaycan dövləti üçün çox vacib və önəmli bir proses idi. Dövlətimiz hərtərəfli və çox sürətlə inkişaf edir, beynəlxalq aləmdə ədalətli, haqlı mövqeyinin tanınmasına nail olur. Artıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və çəkisi xeyli artıb. Ölkəmizin inkişafı parlament seçkilərinin də şəffaf keçirilməsinə müsbət təsir göstərdi".
Azərbaycanda ən möhtəşəm, təşkilatlanmış, strukturlaşmış, sistemlənmiş partiyanın YAP olduğunu bildirən H. Rəcəbli qeyd etdi ki, YAP xalqa və dövlətə xeyirli, gərəkli fəaliyyətinə görə, Cənubi Qafqazın ən aparıcı partiyasına çevrilib. Onun sözlərinə görə heç imza belə toplaya bilməyən müxalif qüvvələr deputat olmaq iddiasında idi. Axı imza toplaya bilməyən namizədlər necə seçkilərə gedə bilər? Sonradan da başlayırlar boş-boş bəyanatlar verməyə. Dünyada analoqu olmayan debatlar Azərbaycanda namizədlər üçün yaradılmışdır. Kim nə fikir bildirmək istədisə, bildirdi və seçicilər də kimə səs verəcəyini müəyyənləşdirdi:"Radikal müxalifət boş-boş çərənləməklə düşündü ki, nə isə qazanır, əksinə, bu yolla elektoratı, xalqın etimadını itirdilər. YAP qalib gələndən sonra artıq bu müxalifətin mənasız bəyanatların heç bir yeri yoxdur. Xırda, gücsüz, cəmiyyət üçün əhəmiyyətsiz, yararsız insanlar tək Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Düşünürəm ki, Azərbaycan tarixində 1993-cü ildən indiyə qədər keçirilən bütün seçkilər şəffaflığı ilə yadda qalıb. Cəmiyyətimiz hazırkı iqtidara ən yüksək etimadını nümayiş etdirir. Yeni əsrə Azərbaycan dövləti güclü, müstəqil, demokratik bir dövlət kimi daxil oldu."
Azərbaycanın bu gün ən güclü, sivil, azad, öndə gedən dövlətlər sırasında olduğunu bildirən H. Rəcəbli onu da qeyd etdi ki, bütün bunlar artıq Azərbaycan dövlətinin uğuru deməkdir. Radikal müxalifətin hay-küyünə gəlincə isə, H. Rəcəbli onların başdan ayağa saxta, cəmiyyət üçün yararsız olduğunu vurğuladı: "Özlərinin topladığı səsə saxtakarlıq demirlər, amma bizim topladığımız səsi saxtakarlıq adlandırırlar. Çox təəssüflənirəm ki, siyasətdən xəbəri olmayan radikal müxalif insanlar millət vəkili olmaq istəyirlər. Müxalifət kimi xalqdan ayrı düşən qərəzli qüvvələrin populist fikirlərinə, danışıqlarına cəmiyyətimiz inanmır".
ABŞ Dövlət Departamentinin bəyanatına toxunan H.Rəcəbli bildirdi ki, bu bəyanat boş-boş söz yığınından ibarətdir. Azərbaycan üçün ABŞ Dövlət Departamentinin hansı rəy verəcəyi önəmli və maraqlı deyil. Yəqin ki, ABŞ Dövlət Departamenti Azərbaycanda baş verən növbəti taleyüklü tədbirlərdə belə bir bəyanat verməkdən çəkinəcək və hadisələri olduğu kimi şərh etməyə çalışacaqdır.
Hadı Rəcəbli onu da vurğuladı ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. YAP-ın bu günü kimi sabahı da işıqlıdır. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial və iqtisadi siyasət Azərbaycanın iqtisadi inkişaf göstəricisinin əsas səbəblərindən biridir. Artıq Azərbaycan dünyanın lider dövlətlərindən biridir. Ölkəmizin özünün sosial-iqtisadi inkişaf göstərici və ümumdaxili məhsulun əldə edilməsinə görə Azərbaycan bir sıra dünya dövlətləri arasında kifayət qədər sayılıb və seçilir. Dövlətimiz bütün problemlərin öhdəsindən gəlir. Şəffaf şəraitdə keçirilən parlament seçkilərində bir daha aydın oldu ki, Azərbaycan dövlətində siyasi sistemin mahiyyət etibarı ilə kifayət qədər təkmilləşdirilibdir. Dövlətimiz inkişaf edir, xalqımızın rifahı, Azərbaycanın beynəlxalq imici gündən-günə yüksəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB