“Məişət zorakılığının qarşısın alınması üzrə qanunun implementasiyası, təcrübə mübadiləsi” adlı dəyirmi masa keçirilib
Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Məişət zorakılığının qarşısın alınması üzrə qanunun implementasiyası, təcrübə mübadiləsi" adlı dəyirmi masa təşkil edib. SİA-nın məlumatına görə, BMT Baş Assambleyasının qərarı ilə 25 noyabrın "Qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə Beynəlxalq Gün" elan edildiyini deyən komitə rəhbəri Hicran Hüseynova ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində istər hüquqi səviyyədə, istərsə də təcrübədə mühüm addımların atıldığını bildirib. Lakin o, təəssüflə qeyd edib ki, bu gün bütün dünyada böyük aktuallıq kəsb etmiş bir sıra qadın problemləri, o cümlədən məişət zorakılığı, qadın hüquqlarının pozulması kimi hallar, az miqyasda olsa da ölkəmizdə də mövcuddur: "Bu problemlər ilk növbədə, ondan irəli gəlir ki, bir çox qadınlarımız öz hüquqlarını bilmir, dövlətin verdiyi imkanlardan lazımınca istifadə etməyi bacarmırlar. Son onillikdə bir çox dövlətlər qadınlara qarşı zorakılığın müxtəlif formalarının ləğv olunması ilə əlaqədar qanunları öz qanunvericiliklərinə daxil ediblər. Hazırda 89 ölkənin qanunvericiliyində məişət zorakılığı ilə əlaqədar konkret normalar öz əksini tapıb".
Azərbaycanda qadınlara qarşı zorakılığın bütün formalarının ləğv edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə edildiyini diqqətə çatdıran H.Hüseynova Milli Məclisdə qəbul edilmiş "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanunun böyük əhəmiyyətə malik olduğunu söyləyib. Qanun hazırlanarkən əsas məqsədin bu prosesə cəmiyyətin mümkün qədər daha geniş təbəqələrini cəlb etmək olduğunu vurğulayan komitə sədri müzakirələrdə həm beynəlxalq, həm qeyri-hökumət təşkilatları, həm də dövlət qurumlarının iştirak etdiyini dilə gətirib: "Qanun layihəsi ATƏT, Avropa Şurası kimi təşkilatların da qiymətləndirilməsindən uğurla keçib. Qanun layihəsi parlament komissiyalarında və parlamentin özündə də ciddi surətdə müzakirə edilərək qəbul olunub. 2010-cu ilin ilk doqquz ayı ərzində komitə tərəfindən ölkənin demək olar ki, bütün regionlarını əhatə edən yüzlərlə görüş, konfrans, seminar və treninqlər keçirilib".
H.Hüseynova bildirib ki, faktlar məişət zorakılığı nə millət, nə din, nə də sosial statusla bağlı olmadığını göstərir: "İqtisadi baxımdan ən inkişaf etmiş cəmiyyətlərdə belə heç kim məişət zorakılığına məruz qalmaqdan sığortalanmayıb. Bunun əsas səbəbi müasir cəmiyyətlərdə yaranan müəyyən mənəvi boşluqlar, xaricdən edilən təsirlərdir. Ayrı-ayrı vətəndaşların təşkilat, agentlik, siyasətçi və dövlət qurumlarının dəyişikliklərə imza atmalarının müxtəlif üsulları var, ən əsas tələb effektiv nəticələr əldə etmək üçün gücləri birləşdirməyə dair perspektiv və iradə olmağıdır. İnkişaf və gender bərabərliyində uğur qazanmağın əsas faktorları koordinasiya və əməkdaşlıqdır".
Daha sonra komitənin rəsmi dəvəti ilə ölkəmizdə səfərdə olan Paris Yuxarı İnstansiya məhkəməsi prokurorunun müavini xanım Fransuaz Giyo, "Demokratiya naminə liderlər" Assosasiyasının prezidenti xanım İnga Beridze, eləcə də Milli Məclisin sosial siyasət komitəsinin sədr Hadı Rəcəbli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev və Qadın Probelmləri Tədqiqat Birliyinin sədri Səcidə Əbdulvahabova çıxış ediblər. Tədbir müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB