Anomal istilərdən necə qorunaq? ARAŞDIRMA

Anomal istilərdən necə qorunaq? ARAŞDIRMA

Xəbər verdiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dək davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Ölkə ərazisində bir neçə gündür hökm sürən anomal istilərin insanlar üçün ciddi çətinliklər yaratdığının şahidiyik. Belə havanın insan orqanizminə təsirsiz ötüşmədiyini də bilirik. Belə olan halda, belə istilərdən necə qorunmaq olar?

Bu haqda SİA-ya açıqlama verən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib ki, anomal istilərin davam etdiyi günlərdə küçəyə çıxarkən baş örtüklərindən istifadə etmək və ya çətir götürmək vacibdir.

Onun sözlərinə görə, kətan və pambıqdan hazırlanan papaq və ləçəklər istidən qorunmaq üçün yaxşı vasitədir.

Baş həkimin müavini söyləyib ki, isti havada dar sintetik geyimlərdən imtina etmək məsləhət görülür: “Çünki, bu cür geyimlər bədəndən istiliyin çıxmasına mane olur. Lakin pambıq və kətan parçalardan tikilmiş geyimlər bədən temperaturu stabil saxlamağa imkan verdiyi üçün çox isti havalarda bu cür geyimlərdən istifadə etmək azımdır. Bədəndə istilik buxarlanmayanda istivurma və günvurma müşahidə halları baş verə bilir”.

İsti havalarda günvurma hallarının qaçılmaz olduğunu dilə gətirən İ. Əliyeva söyləyib ki, günvurmaya daha çox immuniteti zəif olanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, alkoqollu içki qəbul edənlər məruz qalırlar: “İsti havalarda qida rasionuna xüsusi fikir verilməlidir. Daha çox maye qəbul edilməli, adi su, meyvə şirələri və ağartı məhsullarından istifadə etmək məsləhətlidir”.

Çimərliyə gedənlərə tövsiyələrini əsirgəməyən İ.Əliyeva vurğulayıb ki, üçün çimərliyə ilk dəfə gedən şəxslər günün altında 15 dəqiqədən artıq qalmamalıdırlar: “Hər gün həmin müddəti 5 dəqiqə artırmaqla günəş vannaları qəbul edilməsinin müddətini uzatmaq olar. Günəş şüalarının daha çox yandırdığı saat 11-dən 17-dək mümkün qədər havaya çıxmamaq lazımdır”.

Həkim-terapevt Mətanət Cəfərova isə deyir ki, anomal istilər insanların orqanizminə ziyansız ötüşmür: “Lakin bu cür istilərdən qorunmaqla bağlı qaydalara əməl etsək, orqanizmimizi ziyandan qoruya bilərik. Belə ki, hədsiz isti havalarda saat 11:00-dan axşam saat 17:00-dək açıq havada gəzmək məsləhət görülmür. əgər məcbur qalınırsa, o zaman bu saatlarda açıq hava çıxan şəxslər mütləq şəkildə baş örtüklərindən istifadə olunmalıdır”.

Onun sözlərinə görə, istivurma, günvurma hallarından qorunmaq üçün gün ərzində qəbul olunan mayenin miqdarı çox önəmlidir: “Gün ərzində qəbul olunan adi suyun miqdarı artırılaraq 2-2.5 litrə çatdırmaq məsləhət görülür. Tərkibində su olan qidalar, mövsümü meyvə-tərəvəzdən bol istifadə etmək vacibdir. İsti hava şəraitində spirtli içkilərin qəbulu məsləhət görülmür”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva da açıqlamasında bildirib ki, əsas istilər iyul və avqust aylarında olacaq: "İlkin proqnozlara və son illərin tendensiyasına əsaslanaraq deyə bilərik ki, Azərbaycanda, xüsusilə paytaxtda əsas isti aylar iyul və avqustdur. Düşünürük ki, bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal istilər daha çox müşahidə ediləcək”.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yay fəslində anomal istilərin daha tez-tez baş verməsi nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilir: “Bu tendensiyanın bu il Azərbaycanda da davam edəcəyini gözləyirik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə