General: “Aprel döyüşlərində düşmənin bel sütununu sındırdıq”

General: “Aprel döyüşlərində düşmənin bel sütununu sındırdıq”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir qrup jurnalisti fəxri fərmanla təltif edib.
SİA-nın verdiyi məlumata görə, bu gün müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev təltif olunan media təmsilçiləri ilə görüşüb.

Respublikada həyata keçirilən ordu quruculuğunun təbliğində fəal iştirakına və Müdafiə Nazirliyi ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunan media təmsilçilərinə fəxri fərmanlar təqdim edilib.

"Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması istiqamətində hazırlıqlarını davam etdirir. Bunun üçün mütəmadi təlimlər keçirilir, Ordunın maddi-texniki bazası gücləndirilir”. Bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini deyib.

K.Vəliyev qeyd edib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qətnamələr, qərarlar qəbul etsələr də, münaqişənin həllinə laqeyd və ikili standartlarla yanaşırlar: "Ona görə də biz torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk. Düzdür, heç kəs istəmir ki, qan tökülsün. Amma Ali Baş Komandanın əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olacağıq”.

General-leytenant vurğulayıb ki, Azərbaycan Ordusu iyunun 26-da keçirilən hərbi paradda öz gücünü dünyaya nümayiş etdirdi: "Ölkə başçısı tərəfindən Azərbaycan Ordusunda aparılan islahatlar artıq öz müsbət təsirini göstərir. Bu gün bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Düşmən ordumuzun gücünü hiss edir və böyük təlaş içərisindədir. Aprel döyüşlərində biz ermənilərə gözləmədikləri zərbəni vurduq və düşmənin bel sütununu sındırdıq. Ermənistan rəhbərliyi əvvəlcə məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Lakin sonra Ermənistanda baş verən hadisələr göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı. Əgər Ermənistan aprel döyüşlərində məğlub olmamışdısa, onların hərbi rəhbərliyi niyə dəyişdi? Ermənistanın müdafiə nazirinin keçmiş müavini Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı xaosu hamıya nümayiş etdirdi”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan dövlətinin, həmçinin Ordusunun gücü və nufuzu gündən-günə artır: "Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən parad bunu bir daha təsdiqlədi. Paradda müxtəlif ölkələrin Təhlükəsizlik şuralarının katibləri, müdafiə nazirləri, Baş Qərargah rəisləri, müdafiə nazirlərinin müavinləri iştirak edirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə