Paytaxtda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” adlı beynəlxalq konfrans keçirilir-TƏDBİR

Paytaxtda “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər” adlı beynəlxalq konfrans keçirilir-TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetində "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər" adlı beynəlxalq konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfansda dünyanın 13 ölkəsindən 254 elm adamı, alim iştirak edir. SİA-nın xəbərinə görə, konfrans iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra konfransı giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili Səməd Seyidov ilk öncə tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. O bildirib ki, bu konfrans ölkənin beynəlxalq arenada tanıdılması üçün geniş imkanlar yaradacaq. Onun sözlərinə görə, Azərbaycan elmi potensialının daha da genişləndirilməsi, ölkənin elm adamları ilə xarici ölkələrin elm adamları arasında qarşılıqlı fikir mübadilələrinin aparılması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə daha da yaxından tanıdılması üçün bu konfransın əhəmiyyəti böyükdür. S.Seyidov vurğulayıb ki, bu konfransı keçirməkdə məqsəd ölkələr arasında bu istiqamətdə olan problemləri müzakirə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

"Universitet dilləri və mədəniyyətləri öyrənən bir ali təhsil müəssisəsi olmalıdır. Biz də Azərbacan Dillər Universiteti olaraq dinlər, mədəniyyətlərarası dialoq və mədəniyyətlər arasında olan münasibətləri ətraflı müzakirə edəcəyik. Bu gün Azərbaycan inkişaf edir və onun dünya ilə əlaqələri genişlənir. Bizim əsas məqsədimiz Azərbaycanda olan elmi mühiti dünyaya göstərməkdir. Digər cəhətdən isə konfransda iştirak edən yüksək səviyyəli alimlər, dünya səviyyəsində tanınmış yazıçılar, ən prestijli universitetlərin nümayəndələri bizim ölkə həqiqətlərini öz ölkələrində, cəmiyyətlərində yayacaqlar. Bu gün Azərbaycan sürətlə inkişaf edir və əlaqələr bütün dünyaya açılır. Ancaq bu əlaqələr təkcə iqtisadiyyat üzrə deyil, elm, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Bu konfransın gedişi göstərəcək ki, ölkələr arasında əlaqələrin yaradılması, ünsiyyətin qurulması çox vacib və əhəmiyyətli məsələdir. Bütün bunlar elmin inkişafına təkan verəcək və birgə əməkdaşlıq elmin inkişafına öz müsbət nəticələrini göstərəcək. İnanıram ki, bu gün Azərbaycan Dillər Universitetində keçirilən konfrans ənənəvi xarakter alacaq və hər il keçiriləcək", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova ölkədə belə bir konfransın təşkil olunmasını yüksək qiymətləndirib. O bildirib ki, bu gün ölkədə ali təhsil iqtisadi, sosial, mədəni sahələrin inkişafına təkan verən əsas qüvvədir: "Ölkənin inkişafında elm və təhsilin çox mühüm əhəmiyyyəti var. Azərbaycan Dillər Universitetində keçirilən bu konfrans universitetlər arasında mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcək. Qeyd etməliyəm ki, bu gün dünyada xalqlar arasındankı hadisələr mədəniyyətlərarası dialoqun olmasını tələb edir. Mədəniyyətlərarası dialoqun əsasında isə ümumbəşəri dəyərlər və insan faktoru durur".

Millət vəkili Rəbiyyət Aslanova isə çıxışında belə konfransların keçirilməsinin ölkənin elmi-ictimai həyatında çox önəmli olduğunu qeyd edib. O bildirib ki, son 20-30 ildə ölkələr, xalqlar arasında mədəniyyətlərarası dialoqun inkişafına önəm verilir: "Əgər bəşər övladı bir-birinə dayaq, dəstək olmasa, problemləri müzakirə edib, ondan çıxış yolu tapmağa çalışmasa, onda bəşəriyyətin sabahı yoxdur. Bu gün dünyada 27 milyon qaçqın var. Bu isə dövlətlərdə xarici ilə daxili siyasət arasında alyansın olmamasından xəbər verir. Gələn il Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edəcək. Azərbaycan elmi dünyaya inteqrasiyası sahəsində çox önəmli addımlar atıb. Ancaq ölkələr varisi olduğu sərvəti dünyaya çatdırmaq üçün dil çox vacibdir. Elm adamlarının, alimlərin qarşılıqlı əməkdaşlığı Azərbaycan elminin dünya elminə inteqrasiyasında çox mühüm rol oynayacaq".

Tədbirin davamında professorlar Ayşe Nur Tekmen (Türkiyə), Hans-Werner Huneke (Almaniya), Dae Sung Kim (Koreya), Massimo Bianchi (İtaliya), Slaheddin Dchicha (Fransa), İona Sariyeva (Bolqarıstan), Vasumathi Badrinathan (Hindistan) və akademik Boris İmnadze (Gürcüstan) çıxış edərək təbriklərini çatdırıb və Azərbaycanda belə bir konfransın keçirilməsini yüksək qiymətləndirib. Onlar qeyd ediblər ki, belə konfransların təşkil edilməsi ölkələr, dövlətlər arasında mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli təsir göstərəcək. Konfransın davamında ABŞ-ın Harvard Universitetinin professoru Hampri Tonkinin, ADU-nun professoru Gülnar Hüseyzadənin və Belçikanın Antverpen Universitetinin professoru Ceff Verskurenin çıxışları dilənilib.

Qeyd edək ki, beynəlxalq konfrans öz işini müxtəlif mövzuları əhatə edən bölmə və yarımbölmələrlə davam etdirəcək. 2 gün davam edəcək beynəlxalq konfransın bağlanış mərasimindən sonra iştirakçılar Azərbaycanın gəzməli , görməli yerləri ilə tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə