Əli Həsənov: “Əsl QHT-nin maliyyə asılılığı olmamalıdır” - AÇIQLAMA

Əli Həsənov: “Əsl QHT-nin maliyyə asılılığı olmamalıdır” - AÇIQLAMA
Son 19 il ərzində müstəqillik əldə edildikdən sonra Azərbaycanda vətəndaş cəmiyyəti xeyli inkişaf edib. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti sahəsinin 200 il və daha əvvəl fəaliyyət göstərməsinə baxmayaraq biz bu yolda daha yeniyik: "Vətəndaş cəmiyyətinin inkişafı mövzusu müasir bir mövzudur. Biz bu sahədə yeni olsaq da yüksək perspektiv göstərməyə qadirik. Hər kəs gözünün qabağına gətirsin, 25-30 il bundan əvvəl necə idik, indi necəyik. Bütün bu keçən zaman bizə onu deməyə əsas verir ki, bizdə vətəndaş cəmiyyətinin təməli qoyulub. Onu da qeyd edim ki, bir çox inkişaf etmiş ölkələr vətəndaş cəmiyyəti sahəsində öz təcrübələrini bizlərlə bölüşürlər. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafında vahid beynəlxalq bir forma yoxdur ki, tətbiq edilsin. Digər tərəfdən də beynəlxalq aləmdə vətəndaş cəmiyyətlərinin inkişafı prinsiplərinə nəzər yetirsək, görərik ki, 50 il bundan əvvəl necə idisə, hazırda da eyni vəziyyətdədir. Fikrimcə, bu qaydanın eynilə tətbiqi düzgün deyil. 2-ci tərəfdən də hər bir xalqın, millətin öz yaşayış tərzi var. Onun üçün də vahid bir formanı tətbiq etmək bir o qədər də məqsədəuyğun deyil. Fikrimcə, hər bir ölkə öz maraqlarını, öz psixologiyasını əks etdirən vətəndaş cəmiyyəti yaratmalıdır. O cümlədən QHT-lərində bu istiqamətdə böyük rolu var. Mən özüm də artıq 14-cü ildir ki, QHT-lərlə məşğulam. Ölkəmizdə 2600-dən çox QHT var. Bu rəqəmin təxminən 107-i beynəlxalq QHT-dir. Onu deyə bilərəm ki, əsl QHT-nin maliyyə asılılığı olmamalıdır. Əgər hər hansısa QHT-ni hansısa qurum və ya təşkilat maliyyələşdirirsə, məcburi olaraq həmin QHT asılı vəziyyətə düşür. Bu da məqsədəuyğun deyil. O ki qaldı bəzi QHT-lərin xoşagəlməz bəzi beynəlxalq formalarla çıxış etməsi məsələsi, məncə, bunun bütün dünyada nümunələri var. Düşünürəm ki, bu məsələ də müəyyən vaxt ərzində öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə