Media ictimai rəyə ciddi təsir edən institutdur - ARAŞDIRMA (LAYİHƏ)
Azərbaycanda söz və mətbuat azadlığı daim müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə söz azadlığı təmin olunmalıdır. Təbii ki, qanunları və etik normaları pozmamaq şərtilə.
Yəni, məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.
1. Media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə etmək, jurnalistlərə təzyiq göstərmək, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlətmək imkanı əldə edə bilirlər.
2. İfrat-azadlıq şəraitində də oxşar problemlər yaşanır. Bu zaman jurnalistlər özü bu durumdan sui-istifadə edə bilər, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana bilər.
Belə antipod arqumentlər cəmiyyətdə və hökumət dəhlizlərində müzakirəyə çıxarılan diffamasiya məsələsini gündəmə gətirir. Beynəlxalq təşkilatların da bu məsələdə hökumətə təzyiqləri var. Amma hökumət rəsmiləri bunun qarşısına tutarlı əks-arqumentlər çıxara bilirlər. Çünki, ölkədə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarına kifayət qədər rast gəlinir.
Qeyd etmək lazımdır ki, söz və mətbaut azadlığının qırmızı cizgisini, təhqirlə tənqidin sərhədlərini dəqiq ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdə də bir sıra ümumiləşdirmələr və qeyri-dəqiq ifadələrin yer alması problemi qəlizləşdirir. Bu durumda "media azadlığı necə tənzimlənməlidir" sualı ortaya çıxır.
Örnək olaraq, inkişaf etmiş, demokartik ölkələrin təcrübəsi göstərilir. Düzdür, bu ölkələrdə media azadlığı azad cəmiyyətin qurulmasında, vətəndaş cəmiyyətinin bərqərar olmasında önəmli tədirlərə malikdir. Lakin bu ölkələrin hamısında media qanunvericiliyi və jurnalsitika mühiti, ictimai münasibət eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter daşımır.
Bundan başqa, hər ölkənin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai rəyin rolu burada əsas yer tutur. Azərbaycan kimi ölkədə medianın spesifik xüsusiyyətləri, tarixi ənənələri var. Milli mediamız fərqli icrimai formasiyalarda, avtoritar, demokratik rejimlərdə formalaşıb. Bu gün medimızda Qərb standrtlarının tətbiqinə çalışılır, lakin hələ ki, bunun reallaşmasına çoxsaylı faktorlar maneə törədir.
Burada jurnalistikanın maddi təminat və ictimai karyera baxımından perspektivli olmaması, peşəkar jurnalist çatışmazlığı, müasir jurnalistika təhsili və peşəkar təcrübə qazanma üçün subyektlərin azlığı, maliyyə müstəqilliyinin olmaması, reklam bazarının formalaşmaması, ictimai qınaq təcrübəsinin, obyektiv reytinq mərkəzlərinin yoxluğu, stereotiplərdən çıxmaqda çətinliklər və s. faktorlar önəmli rolu oynayır.
Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəflərini də qeyd etmək lazımdır. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.
Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı axarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarırmı? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.
Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur. Onlar hansılardır? Gəlin nəzərdən keçirək.
Tam nəzarətsiz, cəzasızlıq şəraitində, mətbuat vasitəsinin dövlət orqanından icazə alınmadan fəaliyyətə başlaya bilməsi, istədiyini yazması kimi ultra-azadlıq mühitində yaşayan bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:
1.Mətbuat vasitələrinin sayı ifrat dərəcədə artır, böyük bir jurnalist ordusunun ölkədə dolaşması ilə medianın və jurnalistlərin nüfuzu aşağı düşür.
2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır, insan hüquqlarının pozulmasına səbəb olur.
3.Oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkar jurnalistlər bu sahədən uzaqlaşmağa və onların yerini diletantlar tutmağa başlayır.
4.Hətta təhlükəli siyasi, dini və digər təşkilatlar belə mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edir, anti-milli, anti-dövlət təbliğatı aparırlar.
5.Bir çox qəzetlər yaranmış münbit şəraitdən maksumum bəhrələnir və "reket mətbuat sektoru" inkişaf edir.
Bəli, ifrat azadlığın özü ilə gətirdiyi müsbət cəhətlərlə yanaşı mənfi cəhətlər də var. Bu üzdən də əgər gerçək media azadlığı istəyiriksə, öncə problemin nədən yarandığını və hansı sonuclar verdiyini öyrənməli, sonra isə onları həll etməyə başlamalıyıq. Burada bütün məsuliyyəti təkcə hökumətin üzərinə atmaq olmaz, bu işdə cəmiyyətin bütün qrupları maraqlı olmalıdırlar. İlk növbədə isə jurnalistlərin özü.
Görünən isə odur ki, media əhlinin özü belə mətbuatın problemlərinin həllinə çalışmır. Sözdən işə keçmək zamanı çatmayıbmı hələ də? Əgər çatmayıbsa, o zaman şəxsən mənim bu durumun jurnalistlərin özünə sərf etdiyini düşünmək üçün ciddidən ciddi şübhələrim var.
Məntiq deyilən bir şey var- əgər sən öz problemini həll etmək istəyirsənsə, bunun üçün ən çox çaba sərf edən də özün olmalısan, çünki, heç kim başqasının əvəzinə çalışmaqdan məmnun olmur. O zaman sualı belə qoymaq olar- biz mediamızın düşdüyü durumdan çıxmasını və inkişafını istəyirikmi? Problemin həllində bu suala verdiyimiz səmimi cavabın önəmli roy oynayacağı qənaətindəyəm.
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB