Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “Su-Taleyi dəyişmiş həyat mənbəyi” layihəsi çərçivəsində dörd dildə (azərbaycan, ingilis, rus və ərəb) hazırlanan “Su- müharibə maşını” filmin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Fond rəsmiləri, media kapitanları, QHT nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində ilk çıxış edən BAMF sədri Umud Rəhimoğlu hər kəsi salamlayaraq xalqımızı Azərbaycan Silahlı Qüvvələrinin 100 yaşı münasibətilə təbrik edib.
O bildirib ki, ötən gün ölkəmizin, millətimizin tərcümeyi-halında mühüm gün kimi qeyd olunub: "Dünən ordumuzun 100 illiyi ilə əlaqədar hərbi parad keçirildi. Bu münasibətilə hər kəsi təbrik edirəm. Gün o gün olsun ordumuzun şanlı qələbəsi eşidək".
Tədbir haqqında məlumat verən fond sədri söyləyib ki, tədbirin əsas məqsədi Sərsəng su anbarı ilə bağlı filmi cəmiyyətə təqdim etməkdir.
U.Rəhimoğlunun sözlərinə görə, filmin çəkilməsində əsas məqsəd onun Beynəlxalq Su Forumunda təqdim etmək idi: "Bildiyiniz kimi mart ayında VIII Beynəlxalq Su Forumu keçirildi. Biz bu filmi çəkmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik və şuranın maliyyə dəstəyi ilə bu iş həyata keçirildi. Mart ayında film forumda ingilis dilində təqdim olundu. Forumda 2 mindən çox insan filmlə tanış olmaqla yanaşı, orada geniş müzakirələr aparıldı. ümumilikdə film bir neçə auditoriyada təqdim edildi".
U.Rəhimoğlu söyləyib ki, filmdə işğal altındakı ərazilərdən axan çay və su mənbələrinin çirkləndirilməsi, Sərsəng su anbarının Ermənistanın işğalçı ordusu tərəfindən qarşısının alınması nəticəsində, cəbhəxətti rayonlara vurulan ziyan, yaranmış ekoloji böhran və cəbhə xəttinə yaxın yaşayan insanlarımızın üzləşdiyi su problemi əks olunub.
Tədbir filmin təqdimatı ilə davam edib.
Filmdə işğal nəticəsində Azərbaycanın su təsərrüfatına dəyən ziyan haqda maraqlı statistikalar qeyd olunur. Bildirilir ki, Ermənistan ərazisindən Azərbaycana müxtəlif sululuqlu 11 çay daxil olur. Bu çayların ümumi su ehtiyatları 2.54 km3 təşkil edir. Həmin çayların kimyəvi və radioaktiv maddələrlə, partladıcı maddələrlə, plastik qablarla, kanalizasiya suları ilə çirkləndirilməsi, çay yataqlarının dəyişdirilməsi regionun ekosisteminin deqradasiyasına ciddi təsir göstərib. Tərtər çayı, Xaçın çayı, Qarqar çayı, Tovuz çay, Ağstafa çay vasitəsilə axıdılan yüzlərlə mina və partlamamış hərbi sursat insanların sudan istifadəsinə ciddi təhlükələr yaradıb. 10 -larla gənc, yeniyetmə sudan tapdıqları partladıcı qurğulara toxunan an partlayış nəticəsində həlak olub və ya yaralanıblar.
Sənədli filmdə qeyd olunduğu kimi “Azərbaycanın işğal olunmuş 20 % ərazisində 148,8 min hektar suvarılan torpaq sahəsi, bu torpaqları suvarma suyu ilə təmin edən 22 suvarma sistemi, 6426 km uzunluğunda suvarma kanalı, 330 km uzunluğunda kollektor-drenaj şəbəkəsi, 1429 ədəd subartezian quyusu, 539 ədəd hidrotexniki qurğu, 220 hidroloji məntəqə, 88 ədəd nasos stansiyası, umumi su tutumu 640 mln m3 olan 10 su anbarı qalıb.
Təqdimatdan sonra çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söyləyib ki, Dağlıq Qarabağda ekoloji fəlakətin ortaya çıxarılması vacibdir: "Çünki işğal faktı ilə bağlı danışanda bəzən burada insan faktoru olmayanda bu fakt o qədər də anlaşılan olmur. Bir insan üçün ekoloji fəlakət daha böyük fəlakət hesab olunursa, digər insan üçün uşaqların öldürülməsi, ərazilərin işğal olunması daha fəlakətlidir. Bu baxımdan bu layihə insanlara təsir etmək imkanına görə vacib sayıla bilər".
Torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün sahələrdə texniki bazanın yaradılmasının mühüm məsələ olduğunu deyən E.Mirzəbəyli qeyd edib ki, bütün bunlar problemin həllində Azərbaycana üstünlük gətirən amillərdir.
"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev bildirib ki, su problemi bu gün bir çox müharibələrin səbəbkarıdır: "Azərbaycan kənd təsərrüfatı ilə məşğul olan dövlətdir. Əgər prezident əhalinin rifah halının yaxşılaşdırılmasını üstün tutarsa, hansısa məmurlar buna mane ola bilməz. İnsanları su ilə imtahan çəkmək olmaz. Bu problemi qaldırdığınız üçün təşəkkür edirəm. Filmi əlimizdə bayraq tutaraq, bu sahədə olan problemlərə qarşı mübarizə aparmalıyıq".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, su bəşər cəmiyyəti üçün çox önəmlidir: "Bu problem tək Azərbaycan üçün deyil, dünya üçün qlobal problemdir. Sərsəng su anbarı bir çox ərazilərin susuz qalmasına səbəb olub. Bu da təbii ki, düşmənimizin səyi sahəsində baş verib. Problemi qabartdığınız üçün sizə təşəkkür edirəm".
Təqdimat müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB