Səməd Seyidov: “ADU ilk dəfə olaraq beynəlxalq layihədə iştirak etməklə yanaşı, həm də onu icra edir”-TƏDBİR

Səməd Seyidov: “ADU ilk dəfə olaraq beynəlxalq layihədə iştirak etməklə yanaşı, həm də onu icra edir”-TƏDBİR
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avropa Birliyinin Tempus proqramı IV, 3-cü Çağırış proqramı üzrə "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihənin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərinin və səfirlərin iştirakı ilə xarici və yerli universitet rektorları, bir sıra dövlət və qeyri-hökumət təşkilatları iştirak ediblər. Konfransı giriş sözü ilə açan ADU-nun rektoru, millət vəkili Səməd Seyidov layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, ADU-nun "Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar" adlı layihəsi Avropa Birliyinin TEMPUS IV, 3-cü Çağırış üzrə elan etdiyi müsabiqədə qalib gəlib. Rektorun sözlərinə görə, bu, Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyası olacaq: "Layihənin məqsədi Boloniya prosesinin tələblərini nəzərə almaqla Azərbaycanda tərcümənin tədrisində islahatlar aparmaq, tədris planlarını, tədris və təlim prosesini daha da təkmilləşdirməkdir. Bu layihə Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsinə, islahatların daha da inkişaf etdirilməsinə və Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına təkan verəcək. Bütövlükdə layihədən 230-dan artıq tələbə, 350-dək professor-müəllim heyəti və 30-dək inzibati heyət yararlana biləcək".

S.Seyidov vurğulayıb ki, Azərbaycan Dillər Universiteti Azərbaycan mədəniyyətini, elmini, ölkədə gedən prosesləri dünyaya və dünyada baş verən yeniliklərin isə Azərbaycana gətirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Onun sözlərinə görə, bu missiyanı həyata keçirməkdə məqsəd dünya ölkələri ilə əlaqələr yaratmaq, elmi nailiyyətləri dünyada nümayiş etdirmək və dünyadakıları Azərbaycana gətirməkdən ibarətdir: "Bu gün ADU dost ölkələrlə birgə elmi layihələr həyata keçirir ki, bu da birgə fəaliyyətin nəticəsidir. Yeni "Ritsa" layihəsində Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanması İnstitutu, Esseks Universiteti, Leypsiq Universiteti, Strasburq Universiteti və Milan Tərcüməçilik İnstitutu iştirakçı qismində çıxış edir. Azərbaycan Dillər Universiteti bu layihənin iştirakçısı ilə yanaşı həm də Azərbaycan olaraq layihəni icra edir. Bu Azərbaycanda ilk təcrübədir və heç bir Azərbaycan universiteti layihənin icra edəni kimi çıxış edir. Bu layihənin icrası üçün 1 milyon 100 min Avro məbləğində vəsait ayrılıb və bu məbləğ adıçəkilən universitetlərdə tələbələrin staj keçməsinə, tələbə-müəllim əlaqələrinin inkişaf etdirilməsi və bu kimi məsələlərin inkişafına səbəb olacaq. Bir sözlə, bu gündən Azərbaycanda həyata keçirilməyən bir eksperiment başlayır".

Konfransın davamında Azərbaycan Dillər Universitetinin koordinatorluq etdiyi layihədə iştirakçı qismində çıxış edən Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanması İnstitutu, Esseks Universiteti, Leypsiq Universiteti, Strasburq Universiteti və Milan Tərcüməçilik İnstitutunun koordinatorları və nümayəndələrinin iştirakı ilə layihənin idarə olunması ilə əlaqədar bir sıra məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə