Ağacların kəsilməsi ilə bağlı müraciətlər hansı rayonlarından daxil olur?
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaşıllıqların mühafizəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsi faktlarının olduğunu təəssüflə qeyd edib.
O, yaşıllıqları məhv edənlərə qarşı sərt tədbirlərin, hətta sanksiyaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Əsasən Bakıda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir. Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi əraziləri nəzərə almırlar. Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni, yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var. Bu balans və tarazlıq saxlanılmalıdır. Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması artıq dünyanın heç bir yerində qəbul edilmir. Artıq ölkəmizdə də ətraf mühitə qayğıkeş münasibət formalaşır. Amma təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq.
İnsanların ətraf mühitə, yaşıllıqlara münasibətinin dəyişdirilməsi üçün kütləvi informasiya vasitələri nümayəndələrinin və ictimaiyyətin dəstəyinə böyük ehtiyacımız var. Hesab edirik ki, yaşıllıqlara qarşı zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, onların biganəliyi ağaclara sevgi ilə əvəzlənməlidir. Uşaqdan böyüyədək yaşıllığın qorunmasına münasibət dəyişilməli, hər bir ağaca dəyər verilməli və məhəbbət göstərilməlidir”.
Mətbuat katibi bir ağacın yetişdirilməsi üçün minimum 30 il vaxt tələb olunduğunu, lakin bəzən etinasızlıq edildiyini, ağacların kəsildiyini və illərlə çəkilmiş zəhmətin bir an içərisində heç olduğunu vurğulayıb.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə ağacların kəsilməsi və qurudulması ilə bağlı ən çox müraciət paytaxtın Nəsimi, Xətai, Suraxanı, Binəqədi, Sabunçu, Yasamal rayonlarından daxil olur. Ən az şikayətin daxil olduğu rayonlar isə Qaradağ və Xəzərdir.
Respublikanın bölgələrindən isə Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı, Quba rayonlarından ağac kəsintisi halları ilə bağlı daha çox şikayət alırıq”, - deyə İ.İbrahimova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB