Əcnəbilər saxta sənədlərlə saxlanıldılar

Əcnəbilər saxta sənədlərlə saxlanıldılar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir. DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

İyunun 17-də Bakı-Doha reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Şah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub. Laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqlənib.

İyunun 19-da Bağdad-Bakı reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim Con adlı şəxsin pasportunun həqiqiliyi şübhə doğurub. Dərinləşdirilmiş yoxlama nəticəsində pasportun məlumat səhifəsi dəyişdirilərək saxtalaşdırıldığı müəyyən edilib. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs İraq vətəndaşı, 1983-cü il təvəllüdlü Hayder Haşim İbrahimdir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə