Rəbiyyət Aslanova: "YAP-ın əsas amalı hər şey Azərbaycan vətəndaşı, onun sabahı və təhlükəsiz yaşaması üçündür"- Müsahibə

Rəbiyyət Aslanova: "YAP-ın əsas amalı hər şey Azərbaycan vətəndaşı, onun sabahı və təhlükəsiz yaşaması üçündür"- Müsahibə

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın SİA-ya müsahibəsi

- Rəbiyyət xanım, parlament seçkilərinin gedişatı və nəticəsini necə qiymətləndirirsiniz?

- Parlament seçkiləri Azərbaycan dövlətinin siyasi həyatında olduqca mühüm rol oynayır. Hər beş il ərzində keçirilən seçkilər cəmiyyətin irəliyə doğru inkişafının mühüm göstəricisi, demokratiyanın, insan haqlarının qorunmasının, cəmiyyətdə baş verən iqtisadi, siyasi, sosial dəyişiklikərin göstəricisidir. Bu baxımdan, artıq dördüncü çağırış parlament seçkiləri çox mühüm bir hadisə və müstəqillik dövrümüzün keyfiyyət baxımından yeni bir mərhələsi idi. YAP parlament seçkilərinə olduqca vacib bir şüarlar gedirdi. Bu, təsadüfi seçilmiş fikir deyildir. Bu, Azərbaycan vətəndaşının varlığını, hüquqlarını təmin edilməsinə, yüksək məsuliyyət hissinə malik olan güclü dövlətin yaranmasına və insanların sosial rifahının təmin edilməsinə yönəlmiş şüar idi. Belə bir şüarın ortaya atılmasına qədər böyük bir tarixi yol qət edilib və bu tarixi yolda əldə edilmiş uğurlar imkan verdi ki, YAP belə bir şüarla çıxış etsin. Seçkilərdə 72 mandata YAP sahib oldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı YAP-ı dəstəkləyir. YAP Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı bir partiyadır. YAP-ın deputatlığa namizədləri öz peşəkarlıqları, cəmiyyətdəki nüfuzları, dövlətə və millətə sədaqətləri ilə seçilən namizədlər idi. Xalq qəti əmin idi ki, YAP namizədləri parlamentdə öz millətini və xalqını təmsil etmək qabiliyyətinə malikdir. Bu gün YAP-la rəqabət edəcək ikinci bir partiya yoxdur. Günü-gündən YAP üzvlərinin sayının artması, onu göstərir ki, xalqımızın bu partiyanın fəaliyyətinə, yüksək ali prinsiplərinə inamı sonsuzdur.

- Radikal müxalifət seçkilərin qeyri-demokratik keçirilməsini iddia edib. Onların bu məntiqsizliyini nə ilə izah edərdiniz?

- Bu gün bütün MDB məkanında Azərbaycanda olan müxalifət kimi ikinci qeyri-anormal müxalifət yoxdur. Çünki onlar artıq zamanı ötmüş, mövcud siyasi gerçəkliyi düzgün qiymətləndirmək imkanından məhrum olmuş və keçmişdə qalmış müxalif fikirli insanlardır. Zaman məfhumu sanki radikal müxalifət üçün yoxdur. Onlar hər şeyi, öz vaxtlarında olduğu kimi görmək istəyirlər. Amma anlaya bilmirlər ki, artıq hər şey dəyişib. Dəyişməyən yalnız onların məntiqsiz təfəkkürləri, real hadisələrə qeyri-real baxışlarıdır. Seçkilərlə bağlı müxalifətin qeyri-real bəyanatını biz elə əvvəlcədən gözləyirdik. Təkamül və tərəqqinin nə olduğunu qəbul edə bilməyən radikal düşüncəli insanlardan yeni bir baxış, fikir gözləmək qeyri-mümkündür. Onlar Azərbaycanın tək regionda deyil, dünyada qazandığı uğurları görmək iqtidarında deyillər. Əgər Azərbacan müxalifəti insan hüquqlarının qorunması ilə əlaqədar böyük səyləri, hətta xarici ekspertlərin etiraf etdiyi həqiqətləri görmürsə, deməli, bu, onların böyük faciəsidir. Müxalifət cəmiyyətdə heç bir hüquqa, nüfuza malik deyil, dediyi sözün də Azərbaycan vətəndaşı üçün heç bir dəyəri yoxdur. Radikal müxalifət böyük bir inamsızlıq içərisində yaşayır. Axı onlar nəyə ümid edirdilər? Yəqin ümid edirdilər ki, Azərbaycan seçicisi onlara səs verəcək, yenidən siyasi kürsüdə əyləşəcək və öz şəxsi ambisiyaları üçün çalışacaqlar. Amma onlar öz uğursuzluqlarını əvvəlcədən görürdülər. Bu uğursuzluğa haqq qazandırmaq və müəyyən dövrdə siyasət səhnəsində qalmaq üçün cəhdlər edirdilər. Bu cəhdlərin də hamısı uğursuzluğa məhkum idi. Siyasi xadim üçün ən dəhşətlisi nüfuzunun itirməsidir. Müxalifətçilərin isə, nüfuzu artıq çoxdan itib. Hər dəfə seçkilərdə uduzurlar və uduzduqdan sonra, gözləmə taktikasını seçirlər. Növbəti seçkiyə qədər cəmiyyət üçün heç bir xeyirli iş görmədən beş il ərzində gözləyirlər. Artıq vaxt gəlib çatıbdır. Onlar siyasət səhnəsini tərk etməlidirlər. Heç bir cəmiyyət müxalifətsiz inkişaf edə bilməz. Amma müxalif fikir dövlətə, millətə qarşı çevrilmiş fikir olmamalıdır.

- ABŞ Dövlət Departamenti parlament seçkiləri ilə bağlı qeyri-real bəyanat verib. Onların bu bəyanatını Azərbaycana qarşı növbəti təzyiq hesab etmək olarmı?

Parlament seçkilərini izləyən müşahidəçilərin sayı həddindən çox idi. Dövlətimiz seçki öncəsi beynəlxalq təşkilatlara da müraciət etmişdi. Seçkinin şəffaf keçirilməsinə əmin olduğumuz üçün müşahidəçilərin gəlməsinə qəti etiraz edilmədi. Hətta budəfəki xarici müşhidəçilərin sayı əvvəlkilərdən də çox idi. İnsanların konstitusyon hüquqlarının gerçəkləşməsinə çalışırdıq və buna da nail olduq. Ölkəmizə gələn müşahidəçilər ayrı-ayrı məntəqələrdə oldular və seçkilərin gedişi, partiyalara yaradılmış bərabər şəraitlə tanış oldular. Ola bilsin ki, kiçik qüsurlar vardı, onu da MSK həll etdi. ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı verdiyi bəyanatlar tanış ssenarilərdir. Elə təşkilatlar vardı ki, onların hesabatları gəlməmişdən əvvəl məsələnin məğzi məlum idi. Beynəlxalq təşkilatların hər birinin özünəməxsusluğu vardı. ABŞ Dövlət Departamentinin hesabatı həmişə ABŞ səfirliyinin verdiyi qərəzli məlumatlara əsaslanır. Onların özləri də ayrı-ayrı seçki məntəqələrində olmuşdular və oradan ciddi qüsurlar görməmişdirlər. Bu baxımdan Amerikanın Azərbaycandakı səfrliyinin verdiyi bəyanatla ABŞ Dövlət Departamentinin verdiyi bəyanatlar üst-üstə düşmür. Bu bəyanatı qərəz kimi qəbul etmək olar . Amma hesab edirəm ki, ABŞ Azərbaycanda gedən inkişafı etiraf etməlidir və edəcəkdir də. Çünki bu, reallıqdır. Xalqın iradəsinə hörmət etmək lazımdır. Çünki ABŞ Dövlət Departamentinin bu bəyanatı Azərbaycan xalqında təəssüf hissi doğurur.

- YAP-ın yaranmasının 18 illiyi qeyd olundu. 18 il Azərbaycanın müstəqillik tarixinə hansı prinsipial töhfələrin verilməsi ilə yadda qaldı? -

YAP-ın yaranmasından 18 il keçdi. Bu, böyük bir mərhələdir. Bir neçə əsr yaşayan partiyalar var ki, hər bir tarixi dövrün özünəməxsusluğunu anlayır, həmin dövrün çağırışlarına cavab verir, dövlətin və millətin yaşaması üçün böyük işlərə imza atır, insanlarda yüksək məsuliyyət hissini yaşada bilir. Bu böyük, qüdrətli partiyanın yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının varlığını, müstəqilliyini, demokratikliyini qorumaq üçün belə partiyanın yaranması tarixi hadisə idi. Yarandığı gündən başlayaraq, atdığı hər addım xalqın rifahı üçün hesablanıb. Azərbaycan çətin sınaqlardan keçib. Bu partiya insanları birləşdirən, vahid amal uğrunda cəmləyən partiya olmasaydı, ölkəmiz təhlükə ilə qarşılaşardı. 1992-ci ildən 1995-ci ilə qədər olan mərhələ bütün çətinlikləri, xaosu dəf etmək, Ümummilli Lider Heydər Əliyevə inamının bərpa edilməsi dövrü idi. 1993-ci ildən başlanan dövr dövlətin güclənməsi, insanların sosial rifah halının yüksəlməsi dövrü idi. 1993-ci ildən başlayaraq hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunun əsasları müəyənləşdirildi. 1993 -2000-ci il sınaq dövrü idi. Bu sınaq dövründən YAP uğurla çıxdı. Yeni əsrə Azərbaycan dövləti güclü, suveren, müstəqil, demokratik, dünya birliyinə inteqrasiya yolunda böyük addımlar atmış bir dövlət kimi daxil oldu. 2003-cü ildən başlayaraq, YAP-ın Sədri cənab Prezidentimiz İlham Əliyevin apardığı modernləşmə siyasəti Azərbaycan dövlətini tək regionda deyil, dünyada da aparıcı dövlətlər sırasına yüksəltdi.

Azərbaycan dünyada sayılan, xarici siyasəti ilə superdövlətlərin hesablaşdığı dövlətdir. Bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə təhlükəsizliyi təmin edilir. Bütün bu illər ərzində Azərbaycan xalqında əminlik hissi yarandı və insanlarımız rahat, qayğısız həyat yaşamağa başladı. Müstəqil Azərbaycan dövləti hələ çox uğurlara imza atacaq. YAP-ın yaşaması üçün hər bir Azərbaycan vətəndaşı var gücü ilə çalışmalıdır. YAP-ın əsas amalı hər şey Azərbaycan vətəndaşı, onun sabahı, təhlükəsiz yaşaması üçündür. Belə amalla, əqidə ilə yaşayan partiyanın həmişə uğuru olacaqdır.

- Sizcə, Ulu Öndərimiz Heydər Əliyevin yaradıcısı olduğu və Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi YAP regionun ən aparıcı lider partiyası adını qazanıbmı?

- Müqayisə etmək imkanı olan hər bir kəs ətrafda baş verənləri diqqətlə izləyir. Bu gün Azərbaycanda YAP-a rəqib olacaq bir partiya yoxdur. YAP-ın məqsəd və məramı çox aydındır. Ulu Öndərimiz Heydər Əliyevin gerçəkləşmiş böyük istəyi və arzusu o idi ki, Azərbaycan güclü, qüdrətli dövlət olsun, hər yerdə bir dövlət olaraq sözünü demək imkanı olsun və Azərbaycan vətəndaşı belə bir böyük məmləkətdə yaşaması ilə fəxr etsin və hər zaman qürurla söyləsin: fəxr edirəm ki, azərbaycanlıyam. Bugünkü reallıq onu deməyə əsas verir ki, Ulu Öndərimizin ideyaları, istək və arzuları tam şəkildə həyata kecib. Qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan bundan sonra ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq, daha uca zirvələri fəth edəcək. Qısası, Azərbaycanın bu günü kimi sabahı da aydın və işıqlıdır. Çünki bu yolun əsasını dövlətimizin qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə