Bakıda Ümum Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib - TƏDBİR
Bu gün Bakıda Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
SİA-nın məlumatına görə, ÜHİK-in sədri Mixail Şmakov iclası açaraq tədbirin təşkilinə və qonaqlara göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə minnətdarlığını bildirib. O bildirib ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK-in ətrafında birləşib. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.
M.Şmakov: "Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir. 2008-2009-cu illərdə dünyanı bürüyən qlobal maliyyə böhranı Azərbaycana çox az təsir göstərmişdir. Ölkədə ümumi daxili məhsul istehsalının həcmi, adambaşına düşən gəlirlərin məbləği artmışdır. Bizdə olan məlumata görə artım davam edir. Təbii ki, bütün bunlar insanların sosial vəziyyətinin, həyat tərzinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda həmkarlar ittifaqları da mütəşəkkildirlər. Dövlətin inkişafı, eyni zamanda, həmkarlar təşkilatlarının da işini asanlaşdırır, onların inkişafına təkan verir. İcraiyyə Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi dostluğumuzun, əməkdaşlığımızın və AHİK-in inkişafının bariz nümunəsidir".
Sonra AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək qonaqları salamlayıb və deyib: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. İnsanların həyat tərzi, sosial vəziyyəti yaxşılaşır, ölkədə demokratiya, vətəndaş cəmiyyəti inkişaf edir. Bu inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir. Lakin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşməsi bu inkişafa ciddi əngəl törədir. Buna baxmayaraq Azərbaycan dövləti bütün vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Biz həmkarlar ittifaqlarının üzvləri də Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstələyirik".
Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S.Mehbalıyev deyib ki, AHİK-lə ÜHİK, eləcədə təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir. Qlobal problemlərin həllində birgə səylər göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaqdır.
Sonra təşkilatı məsələlərə baxılıb. ÜHİK-in 2011-ci il üçün gəlir və xərclər smetası müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB